“Qalatasaray”ın imicinə dəyən zərbə
14.10.2008 - 10:16
“Qalatasaray”ın imicinə dəyən zərbə
Bakı - APA-Sport. “Komandanın çıxışından məmnun deyiləm. Çempionlar Liqasında mübarizəni dayandırmağımız qəbulolunmazdır. Çünki bununla komandanın imicinə zərbə dəydi”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Adnan Polat söyləyib.

Qarşıya ciddi hədəflər qoyduqlarını bildirən Polat almaniyalı baş məşqçi Mihael Skibbeyə də mesaj göndərib: “Mən zədəli futbolçuların olduğunu bilirəm. Yenə də üç “cəbhə”də uğur qazanmağı düşünürük. Ancaq belə oynamağa davam edərsək, hər şey əlimizdən çıxar. Mən çempionluq mübarizəsində “Qalatasaray”a rəqib görmürəm. Komandada hər kəsə şans verilir. Amma bundan istifadə edə bilməyən, gəldiyi kimi də gedəcək”.

Türkiyə yığmasının baş məşqçisi Fatih Terimi çox sevdiyini deyən prezident onunla danışıq aparmadıqlarını qeyd edib. Polat, həmçinin komandanın gənc “ulduz”u Arda Turanın son dövrlər sərgilədiyi oyundan narazı qaldığını vurğulayıb. Onun fikrincə, buna səbəb futbolçunun zədələrdən əziyyət çəkməsidir: “Onun toparlanacağına inanıram. Satmağı da düşünmürük. Bizə yalnız Mehmet Topal üçün “Everton”dan rəsmi təklif gəldi. Amma bu gənclər “Qalatasaray” forması ilə Avropada bir kubok qaldırmadan heç yerə getməyəcəklər”.

Yeni transferlərə 11,5 milyon avro xərclədiklərini bildirən Polat “Fənərbaxça”nın baş məşqçisi Luis Araqonesi də dəstəkləyib. O, ispan mütəxəssisin zamana ehtiyacı olduğunu deyib. Ərtoğrul Sağlamın istefasına toxunan “Qalatasaray” prezidenti bunu gözləmədiyini vurğulasa da, məsələnin “Beşiktaş” klubunun daxili problemi olduğunu bildirib.
0