Dənizlinin qarşısına hansı vəzifə qoyulub?
14.10.2008 - 10:23
Dənizlinin qarşısına hansı vəzifə qoyulub?
Bakı - APA-Sport. “Beşiktaş”la bağladığım müqavilədə nə xal itirməyəcəyim, nə də komandanı çempion edəcəyim barədə maddə var. Amma mən ikincinin varlığını qəbul edirəm. Xal itirə bilərik, ancaq bu, çempionluğumuza mane olmamalıdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Beşiktaş”ın yeni baş məşqçi Mustafa Dənizli deyib.

59 yaşlı çalışdırıcı İstanbul klubunun baxımlı futbol nümayiş etdirəcəyini söyləyib. O bildirib ki, yeni komandasında taktika cəhətdən tez-tez dəyişikliklərə əl atacaq: “Hamıya futbol oynadığımızı göstərmək istəyirik. “Beşiktaş” həmişə eyni sistemlə çıxış etməyəcək. Konkret rəqibə, mühitə uyğun taktika seçəcəyik. Komandamız səviyyəli futbolçulardan qurulub. Məqsədimizə çatmaq üçün bu heyət kifayət edər”.

Ötən həftə baş məşqçi postunda Ərtoğrul Sağlamı əvəzləyən Dənizli əzəli rəqiblər “Qalatasaray”dan 3, “Fənərbaxça”dan isə 8 xal öndə olmağı böyük üstünlük saymayıb: “Çünki böyük komandalar öz böyüklüyünü aradakı xal fərqi ilə ortaya qoymaz. Çempionatın başa çatmasına uzun müddət var. Bir sıra rəqiblərimiz mövsümün əvvəlində istəklərinə çata bilməyiblər. Bu baxımdan ən birinci “Fənərbaxça”nı misal göstərmək olar. Superliqada bütün rəqiblərimizə hörmətlə yanaşıram. Bu yarışda onlar olmasaydılar, bu, “Beşiktaş”ın uğuru deyil, Türkiyə futbolunun itkisi anlamına gələrdi”. Təcrübəli mütəxəssis, həmçinin legionerlər üçün qoyulan 6+2 limitinin yüksək olduğunu deyərək, buna qarşı çıxdığını gizlətməyib.

Qeyd edək ki, Dənizlinin “Beşiktaş”da debütü oktyabrın 19-da səfərdə “Gənclərbirliyi”nə qarşı olacaq.
0