Prezident seçkiləri günündə Bəhreynlə yoldaşlıq görüşü
14.10.2008 - 12:08
Prezident seçkiləri günündə Bəhreynlə yoldaşlıq görüşü
Bakı. Mehman Süleymanov - APA-Sport. Milli komandamız sabah növbəti yoldaşlıq görüşünə çıxacaq. “APA-Sport”un məlumatına görə, Azərbaycanda prezident seçkilərinin keçirildiyi gün – oktyabrın 15-də yığmamız Manamada Bəhreynin qonağı olacaq.

Maraqlıdır ki, futbolçularımız indiyədək yalnız bir dəfə oktyabrda yoldaşlıq görüşü keçirib. Özü də bu Asiya təmsilçisi ilə səfər matçı olub. 1996-cı ilin oktyabrın 1-də Masqatda Omanın qonağı olan Azərbaycan yığması 0:1 hesabı ilə uduzub. İndiyədək oktyabrın 15-də oyun keçirməyən millimiz üçün bu aydakı matçlar uğursuz sayılır.

Oktyabrda demək olar ki həmişə uduzan Azərbaycan yığmasının məğlubiyyətlərinin əksəri böyük hesablı olub. Futbol tariximizə qara hərflərlə düşən yenilgilərdən bu aya düşənləri də var. İlk öncə onu qeyd edək ki, hazırda da rəqibimiz olan Lixtenşteyn millisi tarixində ilk qələbəsini (2:1) 1998-ci ildə Vaduts şəhərində Azərbaycan üzərində qazanıb. Göründüyü kimi, həmin məğlubiyyətdən düz 10 il ötür. Yığmamızın öz meydanında ən böyük hesabla uduzduğu görüş də oktyabra təsadüf edib. Bu, ötən ilin oktyabrın 17-də Bakıda Serbiya yığmasına 1:6 hesablı məğlubiyyətdir. Lixtenşteynlə oyundan sonra Vaqif Sadıqov, Serbiya ilə matçdan sonra Şahin Diniyev milli komandamızın baş məşqçi postundan istefa verib.

Azərbaycan oktyabrda yalnız bir dəfə xal qazanıb. Bu, Karlos Alberto Torresin vaxtında, 2004-cü il oktyabrın 9-da Şimali İrlandiya ilə Bakıdakı qolsuz heç-heçə zamanı reallaşıb. Torresin alman həmkarı Berti Foqts oktyabrda heç olmasa, yoldaşlıq görüşü səviyyəsində nəhayət, qələbə qazanmağımıza çalışacaq. Soyuq Helsinkidə Finlandiyaya rəsmi oyunda uduzduqdan (0:1) sonra isti Bəhreynə yoldaşlıq görüşü keçirməyə yollanan millimizin 62 yaşlı çalışdırıcısı bu matçda daha çox futbolçuları sınaqdan keçirmək məqsədi güdəcək.

Bəhreynlə sabahkı görüş Azərbaycan üçün bu il sonuncu səfər matçı, ümumilikdə 10-cu oyun olacaq. 2008-ci ilə noyabrın 19-da Bakıda Latviya yığması ilə yoldaşlıq görüşü ilə yekun vuracaq millimiz bu il öz meydanında yalnız Lixtenşteynlə (0:0) rəsmi matçda üz-üzə gəlib. Yoxlama oyunlarını bir qayda olaraq səfərdə keçirən Foqts bu görüşlərin 1-də qalib gəlib, 1-də heç-heçə edib, 2-də məğlub olub. Sonuncu qələbəsini (2:1) bu il iyunun 4-də Andorra üzərində qazanan yığmamız axırıncı qolunu iki ay öncə vurub. Bu, milliləşən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimin avqustun 20-də Reykyavikdə İslandiyaya cərimə zərbəsindən vurduğu qoldur. Yəni, Azərbaycan artıq 5 oyundur qələbə qazana, 4 matçdır qol vura bilmir. Göründüyü kimi, Bəhreynlə oyun hər iki uğursuz sindroma son qoymaq baxımından motivasiya kəsb edəcək.
0