Foqtsdan səmimi etiraflar - MÜSAHİBƏ
14.10.2008 - 12:13
Foqtsdan səmimi etiraflar - MÜSAHİBƏ
Bakı. Mehman Süleymanov – APA-Sport. Milli komandanın baş məşqçisi Berti Foqts Bəhreynlə oyun öncəsi müsahibə verib. “APA-Sport”un məlumatına görə, alman mütəxəssis Finlandiya ilə üç gün əvvəl baş tutan oyunun təhlili, yığmada hazırkı vəziyyət, Bəhreynlə sabahkı yoldaşlıq görüşü, bu oyunun vacibliyi haqda danışıb.

- Millimizin Finlandiya komandası ilə oyunu məşqçilər korpusu tərəfindən müzakirə olundumu ?
- Bəli. Biz ilk yarım saat ərzində qorxaq futbol oynamışıq. Sonrakı dəqiqələrdə isə komanda yaxşı oyun nümayiş etdirdi. Futbolçuların fiziki hazırlığının yaxşı olması sona qədər özünü göstərdi.

- Oyundan sonra keçirilən mətbuat konfransında qeyd etdiniz ki, bizdə sonuncu ötürmə alınmır. Daha hansı çatışmazlıqlar olub?
- Əsas nöqsan bu idi. Buna görə də qapıya zərbələr alınmırdı. Biz bunu aradan qaldırmağa çalışırıq. Gənc futbolçuları milliyə dəvət etdiyimizdən, vaxt lazımdır ki, onlar müəyyən qədər təcrübə toplasınlar.

- Bunun üçün hansı addımlar atılmalıdır?
- Aşağı yaş qruplarından ibarət yığma komandalar daha çox yoxlama oyunları keçirməlidirlər. Məsələn, Almaniyada U-17, U-19, U-21 əsas millidən çox yoldaşlıq oyununda iştirak edir. Azərbaycanda isə bu vəziyyət heç də ürəkaçan olmayıb. U-21, demək olar ki, yoldaşlıq oyunları keçirməyib. Buna görə də gərək milli komanadanın üzvlərinin daha çox təcrübə toplamaları üçün yoldaşlıq görüşləri tez-tez təşkil olunsun.

- Futbolun kütləviliyinin təmin olunması məqsədilə belə görüşlərin respublikamızın regionlarında da keçirilməsi nəzərdə tutulubmu?
- Bəli, fikrimiz var ki, bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan yoxlama oyunlarından birini Lənkəran şəhər stadionunda təşkil olunsun.

- Rəsmi oyundan sonra iki məşq keçirilib. İndi komandada vəziyyət necədir?
- Müsbət amillərdən biri budur ki, zədəli oyunçu yoxdur. Hamı birlikdə məşq edir. Biz Finlandiya ilə oyunda buraxılan səhvləri futbolçularla birlikdə müzakirə etmişik və məşq prosesində onların aradan qaldırılmasına çalışırıq.

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Məşq prosesində futbolçular özlərini çox yaxşı göstərirlər. Əla ötürmələr verir, yaranmış qol imkanlarından maksimum bəhrələnirlər. Meydana çıxanda isə oyunları çox vaxt alınmır.

- Sizcə, bunun səbəbi nədir?
- Bizim futbolçulara daha çox təcrübə lazımdır. Rəsmi oyunla məşq arasında fərq olsa da, onlar bunu hiss etdirməməlidirlər. Millinin əksər futbolçularının ölkə Premyer Liqasında çıxış etməsi bu sahədə işımızı çətinə salır.

- Məşqdə yiyələndikləri vərdişləri oyunda tətbiq etmək üçün futbolçulara nə mane olur: təcrübənin azlığı, yoxsa psixoloji durum?
- Futbolçuların psixoloji vəziyyəti yaxşıdır, amma təsrübə sarıdan hələ ki problemlərimiz var.

- Bəhreyn yığması ilə yoldaşlıq oyununa nə dərəcədə ehtiyac duyulurdu?
- Biz bəzi rəsmi oyunlarımızi şənbə və çərşənbə günləri intervalında keçirəcəyik. Bu gərginliyə hazır olmaq üçün şənbə günü keçirilən rəsmi qarşılaşmadan 4 gün sonra yoldaşlıq oyunu keçirmək vacib idi.

- Rusiya yığması ilə qarşılaşmadan sonra da yoldaşlıq oyunu keçiriləcəkmi?
- Çöx güman ki, aprelin 1-də Portuqaliya yığması ilə səfərdə qarşılaşacağıq.

- Sabahkı yoldaşlıq oyununda Emin Cəfərquliyevin hazırlıq səviyyəsini yoxlamaq mümkün olacaqmı?
- Bəli, onu sınaqdan keçirəcəyəm. Çox güman ki, o, birinci hissənin sonuna yaxın meydana çıxacaq. Mən həmin mövqedə Raili görmək istərdim, amma ikinci hissədə Emin oynayacaq.

- Millinin növbəti təlim-məşq toplanışı nə vaxt keçiriləçək?
- Noyabrda keçiriləcək yoldaslıq oyunu ərəfəsində. Dekabrın əvvəlində də toplanışın təşkili və futbolçuların tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.

Mənbə: affa.az





0