“Olimpik”ə texniki məğlubiyyət verildi
14.10.2008 - 12:44
“Olimpik”ə texniki məğlubiyyət verildi
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport”un məlumatına görə, NİK Bakının “Olimpik” klubunu texniki məğlubiyyətlə cəzalandırıb. Buna “Olimpik”in 17 yaşlılardan ibarət komandasının ölkə birinciliyinin ilk turunda “Neftçi” ilə oyuna gəlməməyidir. “Olimpik” AFFA-ya ünvanladığı 07.10.2008-ci il tarixində 110 saylı məktubda komandanın matçda iştirak etməməyinin səbəbi kimi AFFA-nın Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Keçirilməsi Departamentinin tələb etdiyi sənədləri vaxtında toplaya bilmədikləri və bu səbəbdən oyunun başqa vaxtda keçirilməsini xahiş edib. Lakin bu, üzrlü səbəb olmadığı üçün paytaxt klubuna 0:3 hesablı məğlubiyyət verilib. “Olimpik” kimi “Karvan”ın da 17 yaşlılardan ibarət komandası da ilk turda oyuna gəlməsə də, NİK onu cəzalandırmayıb. Belə ki, “Xəzər-Lənkəran”la oyuna gəlməyən “Karvan” tərəfindən 07.10.2008-ci il tarixində AFFA-ya ünvanlanan 64 saylı məktubda komandanın matçda iştirak etməməyinin səbəbi kimi cənub bölgəsində yenidənqurma işləri aparıldığı üçün yolların bağlı olması göstərilib. Bunu üzrlü səbəb kimi qəbul edən NİK Xəzər-Lənkəran” – “Karvan” oyunu AFFA-nın Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Keçirilməsi Departamentinin təyin etdiyi vaxtda keçirilməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, Azərbaycan çempionatının birinci divizionundakı oyunlarda baş verən xoşagəlməz olayları da müzakirə edən NİK bugünkü iclasında ümumilikdə 440 manatlıq cərimə kəsib.
0