Elxan Məmmədov oyundan razı, nəticədən narazıdır
14.10.2008 - 18:10
Elxan Məmmədov oyundan razı, nəticədən narazıdır
Bakı. Aqşin Əliyev - APA-Sport. “Milli komandamızın futbolçuları Finlandiyaya qarşı matçın ilk 15-20 dəqiqəsində narahat görünsələr də, ümumilikdə, normal oyun göstərdilər. Hətta məğlub duruma düşdükdən sonra hücuma keçməyə də başladılar. Ancaq istənilən halda, nəticə bizi razı salmadı”. Bu sözləri “APA-Sport”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Oktyabrın 11-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Finlandiya - Azərbaycan (1:0) görüşü zamanı Məmmədovu sevindirən məqamlar olub: “Artıq yığmamız səfərdə böyük hesabla uduzmur. Əvvəlki kimi, pis oyun nümayiş etdirmirik, rəqibdən qorxmuruq. Bundan başqa, son aylarda fiziki cəhətdən inkişaf göz qabağındadır”.

2007-ci ilin noyabrında Avropa çempionatının seçmə mərhələsində Finlandiyaya 1:2, həmçinin ötən ay Uelsə 0:1 hesablı məğlubiyyətlərin ardından AFFA rəhbərliyi yığmanın hər bir üzvünə 5000 manat mükafat vermişdi. Məmmədovun sözlərinə görə, milli komandamız səfərdə yenə minimal fərqlə uduzmasına baxmayaraq, futbolçular üçün pul mükafatı nəzərdə tutulmayıb: “Uelslə matçdan sonra mükafat verilməsinin səbəbi təkcə nəticə deyildi. Həm də futbolçuların son 3 ay ərzində hər ay 2 həftə təlim-məşq toplanışında olmalarını nəzərə almışdıq. Yəni, onlar zəhmətlərinin müqabilində mükafatlandırılmışdılar”.

Baş katib Bəhreynlə yoldaşlıq görüşü keçirmək üçün Manamada olan yığmamızın son durumundan da danışıb. O, milli komandanın düşərgəsində hər şeyin qaydasında olduğunu və sabahkı qarşılaşmada uğurlu nəticə qazanılacağına inamını ifadə edib.
0