Azərbaycan yığması Avropada liderdir
15.10.2008 - 09:47
Azərbaycan yığması Avropada liderdir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığması Avropanın qol vura bilməyən 4 komandasından biridir. “APA-Sport”un hesablamalarına görə, dünya çempionatının seçmə mərhələsində çıxış edən qitənin 53 milli komandasından yalnız 4-ü rəqib qapısına yol tapmayıb. Uels, Lixtenşteyn və Finlandiya ilə görüşlərdə meydanı qol vurmadan tərk edən yığmamız məhsuldarlıqda 50-ci yerə şərikdir. Bir dəfə fərqlənən Andorra, San-Marino və Farer adalarına da həsəd aparan millimiz kimi, Ermənistan, Malta və Lixtenşteyn də qol vurmayıb. Qitənin ən məhsuldar komandaları olan İngiltərə və Almaniya orta hesabla hər matçda 3,7 dəfə fərqlənib. Bu komandalar 3 oyunda 11 qola imza atıb.

Müdafiəsinin etibarlılığına görə isə son Avropa çempionları öyünə bilər. Dörd il əvvəlki çempion Yunanıstan və bu ilki qalib İspaniya keçirdiyi görüşlərdə hələ də qol buraxmayıb. Daha 6 komanda isə qapısında cəmi bir qol görüb. Yığmamızla yanaşı iki topa üzülən 15 komandadan 6-sı üç yox, cəmi iki qarşılaşmaya çıxıb. Hər oyuna 0,67 top buraxan yığmamız bu göstəriciyə görə 9-18-ci yerləri bölüşür.

Azərbaycan millisi intizamsızlığı ilə də seçilir. Üç oyunda 9 sarı və 1 qırmızı vərəqə alan yığmamız yalnız Lüksemburqdan geri qalır. Oyunçularının hesabında 16 xəbərdarlığı olan bu ölkə bizdən fərli, qırmızı vərəqə almayıb. Hərəyə 11 sarısı olan Andorra və Sloveniya da meydandan qovulan oyunçusu olmadığı üçün cəza xallarında bizdən yaxşıdır.

Müqayisə üçün qeyd edək ki, yığmamızın rəqibi olan Almaniya 3, İrlandiya isə 2 matç keçirsə də, vərəqə nə olduğunu bilmirlər.
0