Hiddink: “Finlandiya yığması Azərbaycana qarşı avantürist oynamadı”
15.10.2008 - 11:42
Hiddink: “Finlandiya yığması Azərbaycana qarşı avantürist oynamadı”
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiya yığmasının baş məşqçisi Qus Hiddink finləri avantürist adlandırıb. “APA-Sport”un məlumatına görə, Finlandiya milli komandasını xəyalpərəst hesab edən holland çalışdırıcının fikrincə, skandinaviyalıların çıxışı fərqli alınır: “Finlər tez-tez avantürist oynayırlar. Bu, xüsusilə Almaniya ilə matçda aşkar görünürdü. Ancaq Azərbaycanla oyunda belə deyildi. Finlər bu yığma ilə matçda daha praktiki, real oyun nümayiş etdirdilər. Finlandiya ciddi rəqibdir və onlara qarşı oynamaq bizə çətin olacaq. Rəqibin fiziki hazırlığı yüksək səviyyədədir. Finlandiya yığmasında həmişə mübarizəyə hazır olan fiziki cəhətdən güclü futbolçular cəmləşib. Onlar heç də pis müdafiə olunmurlar. Finlərin Avropanın yüksək liqalarında çıxış edən futbolçuları çox olduğundan, yaxşı təcrübəyə malikdirlər”.

Hiddink bütün bunlara baxmayaraq, Finlandiya ilə ev oyununda üç xal götürməyin vacibliyini söyləyib. O, bunu qrupdakı vəziyyətlə əlaqələndirib: “Çətin qrupumuz var və bunda Almaniya şəksiz favoritdir. Ən yaxşı halda, qrupda 2-ci yeri tuta bilərik. Əgər qrupda 1-ci yeri iddia ediriksə, Finlandiya ilə oyunda mütləq qələbə qazanmalıyıq. Ümid edirəm ki, biz buna gözəl azarkeşlərimizin dəstəyi sayəsində nail olacağıq”.


0