Litmanen yığmamızı Rusiya və Almaniya ilə müqayisə etdi
15.10.2008 - 16:08
Litmanen yığmamızı Rusiya və Almaniya ilə müqayisə etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Həm Rusiya, həm də Almaniya yığması Avropanın böyük komandalarıdır. Onlarla qarşılaşmaq həddən artıq çətindir. Halbuki, bizim üçün belə rəqiblərə qarşı çıxış etmək, misal üçün Azərbaycan yığmasına qarşı oynamaqdan rahatdır”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Finlandiya yığmasının veteran futbolçusu Yari Litmanen deyib.

Azərbaycanla Helsinkidə keçirilən son matçın (1:0) 79-cu dəqiqəsində meydana daxil olan 37 yaşlı yarımmüdafiəçi yığmamızın oyunundan narazı qalıb: “Azərbaycan yığması ləng, aşağı sürətlə oyuna üstünlük verir. Bu mənada Rusiya və Almaniyaya qarşı oynamaq daha rahatdır. Fikrimcə, Rusiya ilə qarşıdakı oyun bizə ötən ay Almaniya ilə görüşü xatırladacaq. Artıq yaş öz sözünü deyir və ehtiyat oyunçular skamyasında daha çox oturmalı oluram. Ancaq ruslarla matçda son 15-25 dəqiqədə meydana çıxıb, komandama kömək etməyə hazıram”.

Qeyd edək ki, milli komandamıza qarşı oyunlarında çoxunda iştirak edən, qol vuran Litmanen Finlandiya yığmasının heyətində keçirilən matçların sayına (116) görə rekordçudur.
0