“Beşiktaş”da 10 milyon avroluq futbolçu?
15.10.2008 - 17:07
“Beşiktaş”da 10 milyon avroluq futbolçu?
Bakı - APA-Sport. “Beşiktaş”ın yeni baş məşqçisi Mustafa Dənizli klub rəhbərliyindən heyəti gücləndirməyi tələb edib. “APA-Sport”un məlumatına görə, çalışdırıcı Türkiyə yığmasının və “Kayserispor”un yarımmüdafiəçisi Mehmet Topuzu sərəncamında görmək istəyir.

“Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən Dənizlinin tələbinin yerinə yetiriləcəyinə söz versə də, nəzərdə tutulan transfer heç də asan olmayacaq. Çünki son vaxtlar parlaq oyun göstərən Mehmet Topuz bir sıra klubların maraq dairəsinə düşüb. 25 yaşlı futbolçunun transfer qiyməti artıq 10 milyon avroya yüksəlib.

Buna baxmayaraq, “qara qartallar” istədiklərindən əl çəkmək fikrində deyillər. Onlar “Kayserispor”un kapitanı üçün lazımi məbləğdə pul xərcləməyə hazırdır. “Beşiktaş” rəhbərliyi Mehmet Topuzun transferindən ötrü qarşı tərəfə pulla yanaşı, hətta 2 futbolçu verməyi də planlaşdırıb. Bu məsələ ilə bağlı “Kayserispor” rəsmiləri ilə danışıqlar gələn həftə başlanılacaq.


0