“Neftçi”nin prezidenti baş məşqçidən üzr istəyib MÜSAHİBƏ
27.12.2008 - 12:26
“Neftçi”nin prezidenti baş məşqçidən üzr istəyib MÜSAHİBƏ
“Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytı müsahibəni ixtisarla təqdim edir.

- Siz Azərbaycana getdiyinizə, “Neftçi”də işlədiyinizə görə heyfsilənmirsiniz ki?
- Peşman deyiləm. Mən həqiqətən də böyük təcrübə topladım və əla məktəb keçdim. Baş məşqçi bütün sualtı rifləri dəf etməli və bunu düzgün müəyyənləşdirməlidir. Əgər klubda uğur qazanmaq istəmirlərsə, bu, pisdir. Mən hara getdiyimi bilirdim və qətiyyən heyfsilənmirəm .

- Bakıda sizi yaxşı qarşıladılar?
- Çox yaxşı. Mətbuat haqqımda yaxşı fikirdə idi. Biz yazda çox yaxşı başladıq, sonradan isə futbolçular əmin oldular ki, məşqlərdə sonadək çalışmaq lazımdır. Onlara texnika öyrətmək lazım deyil, taktikanı bilirlər. Ancaq fiziki və psixoloji hazırlıqda irəliləyişə nail olmaq lazım idi. Mən rəhbərliyə demişdim ki, İntertoto kubokunda komanda “quyu”ya düşəcək. Axı biz az istirahət etmişdik, yay hazırlıq prosesini keçmədik, bünövrəni qurmadıq. Dediklərim özünü təsdiqlədi. Ancaq rəhbərlik “Neftçi”nin Avropada tanınmasını istəyirdi. Mən onları başa düşürəm.

- “Neftçi”ni Avropada tanıdılar?
- Slovakiyanın “Nitra” və Belçikanın “Jerminal” klubları üzərində qazandığımız qələbə Azərbaycanda müsbət qarşılandı. Rumıniya “Vaslui”sinə isə bərabər mübarizədə uduzduq. Hərçənd, layiqli çıxış etdik. Sonradan isə çempionatı boşa verdik.

- Azərbaycanda əcnəbi mütəxəssislərə təzyiqlər edilir?
- Mən bunu müşahidə etməmişəm. Ola bilsin ki, belə şey var. Ancaq biz - SSRİ-dən çıxanlar necə əcnəbi ola bilərik?

- Veteranlarla görüşürdünüz?
- Əlbəttə. İsgəndər Cavadov, Maşallah Əhmədovla görüşürdüm. SSRİ dövründəki oyunları yada salırdıq. Bakıda oynamaq həmişə çətin olub.

- Siz “Neftçi”yə Ukraynadan yalnız futbolçular gətirdiniz?
- Bəli. Bakıya məşqçi yox, ancaq futbol aparmışam. Özü də onlardan razı qaldım. Vladimir Olefir hücumçular üçün münasib olmayan rəqib, kollektiv üçün isə yaxşı insandır. Elə Oleq Gerasimyuk da orada özünə gəldi və publikanın sevimlisinə çevrildi.

- Niyə köməkçi dəvət edib, öz korpusunuzu yaratmadınız?
- “Neftçi”yə gələndən sonra dərhal Mixail Mixaylovu dəvət etdim. O isə həmin vaxtda Aleksey Mixayliçenkodan dəvət aldığından, Ukrayna yığmasına getdi. Sonradan mən komandada vəziyyəti nəzərdən keçirdim. Birincisi, “Neftçi”nin öz məşqçiləri var idi. İkincisi, mən insanları işindən ayırmaq istəmədim. Ancaq gələn dəfə tək getməyəcəyəm.

- Valentin Xodukinin Azərbaycanda uzun müddətlik və səmərəli işi necə alınır?
- Yəqin ki, onun hər şeyi nəzərdən keçirməyə vaxtı olub. Xodukin “İnter”də fəaliyyətə başlayan zaman əvvəlcə baş məşqçi deyildi. Ancaq görünür, sonradan həmkarlarının səhvlərindən nəticə çıxararaq, əla komanda yaradıb. Biz Xodukinlə onun klubunu qızıl medallarla mükafatlandıran zamanı görüşdük. “Simurq”u çalışdıran həmyerlim Roman Pokora ilə əlaqə saxlayırdım.

- Belə çıxır ki, siz “Neftçi”nin rəhbərliyi ilə dil tapa bilmədiniz?
- Mən belə deməzdim. Klub prezidenti ilə əla münasibətlərim var idi.

- Bəs niyə onun müavini haqqınızda xoşagəlməz sözlər deyirdi?
- Bilmirəm. Prezidenti də bunu bilmirdi. Sonradan mənə zəng etdi, üzr istədi və dedi ki, məsələni aydınlaşdıracaq.

- Sizin orada münaqişəniz olmayıb?
- Yox. Sadəcə, demişdim ki, baza, meydança lazımdır. Ancaq başımı divara vurmaq istəmirdim. Buna görə də “Neftçi”dən getdim. Mən həmişə - həm oynadığım, həm də məşqçi işlədiyim vaxtda güzəştə getmişəm. Sadəcə, insan kimi rəftar etmək lazımdır...

- Futbolçular sizdən şikayət etmirdilər ki? Məşqdə onları “yükləyirdiniz”?
- Məşqlər yaxşı idi. Bundan narazı olanları görmədim. Futbolçular indiyə kimi mənə zəng edir, işlərimlə maraqlanır. Onlarla tez dil tapdım. Yalnız məşq prosesi, əmək hesabına nəyə nail olmaqla bağlı çoxlu söhbət edirdim. Futbolçulara anlayışla yanaşırdım, onların temperamentli, istiqanlı millət olmasını nəzərə alırdım. Orada istedadlı futbolçular çox idi. “Neftçi”də milli komandanın altı futbolçusu var idi. Fikrimcə, legionerlərə limit qoyulmaması pis haldır. Azərbaycanda isə ümumiyyətlə xarici futbolçulara məhdudiyyət yoxdur.

- Nə vaxt əmin oldunuz ki, getməyiniz lazımdır?
- Ötən çempionatın sonunda. Ancaq qarşıda avrokuboklar var idi. Prezidenti pis vəziyyətdə qoymaq, futbolçuları atıb getmək istəmədim.

- Prezident komandadan uzaq idi?
- Yox. Ancaq o, cavan adam idi və futbolda fəaliyyətə yeni başlayırdı.

- Azərbaycan futbolunda doğrudanmı belə çoxlu pul var?
- Bu barədə mən mühakimə yürütməməliyəm. Lakin komandaya maliyyə vəsaiti qoyurlar. Klublar zəngin insanlar arasında bölünüb və güclü strukturlara məxsusdurlar. Məsələn, “Neftçi”yə ən iri neft emalı zavodu himayədarlıq edirdi. Digər klubun arxasında Beynəlxalq Bank, o birinin arxasında isə Milli Aviasiyası dururdu.

- Bakı diqqətinizi cəlb etmişdi?
- Bu şəhəri uzun fasilədən sonra tanımaq olmurdu. Xüsusi bir paytaxtdır. Çox gözəl şəhər olan Bakıda yaşıl parklar, abidələr xeyli idi. Mən İçərişəhərdə, “Brilyant əl” kinofilmi çəkilən yerdə yaşayırdım. Ölkə rəhbərləri deyirlər ki, Bakı 5-10 ildən sonra ikinci Dubay olacaq. Əla körpülər var, hər şey mərmərdəndir. Ailəm Bakıya gedib-gəlirdi. Qızım Katya məktəbi qurtarıb, instituta hazırlaşdığı üçün vaxtının çox hissəsini Kiyevdə keçirməli olurdu. O, artıq universitetə qəbul olub. Oğlum Taras isə çoxdan tennisi atıb, onun öz şəxsi biznesi var.
0