Statistikanın diktəsi: “Mançester Yunayted” mübarizəni dayandıracaq!
08.04.2009 - 11:14
Statistikanın diktəsi: “Mançester Yunayted” mübarizəni dayandıracaq!
UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyunlarında maraqlı nəticələr qeydə alınıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Vilyarreal” və Portuqaliyanın “Portu” klubları 1/8 finalın ilk görüşlərində olduğu kimi, eyni nəticəni göstəriblər. Belə ki, həmin vaxt “Vilyarreal” Yunanıstanın “Panatinaikos” komandası ilə evdə 1:1, “Portu” isə səfərdə İspaniya “Atletiko”na qarşı matçda 2:2 hesablı heç-heçə edib.

1/4 final mərhələsinin ilk iki oyununa gəlincə, “Vilyarrael”la “Arsenal”, “Portu” ilə “Mançester Yunayted” əvvəllər də ÇL-də görüşüb. Maraqlıdır ki, əvvəlki görüşlər də heç-heçə başa çatıb. Yəni, “Vilyarreal” evdə “Arsenal”la (0:0), “Portu” isə səfərdə “Mançester Yunayted”lə (1:1) bərabər oynayıb.

“Arsenal” 2006-cı ilin yarımfinalına təsadüf edən həmin heç-heçənin ardından doğma meydanda qazandığı qələbə (1:0) sayəsində finala yüksəlib. Ancaq həlledici görüşdə İspaniyanın “Barselona” klubuna uduzan (1:2) “topçular” tituldan məhrum olublar.

“Portu” isə 2003/04 mövsümünün 1/8 finalında “Mançester Yunayted”lə (2:1; 1:1) görüşlərin ardından uğurlu seriyanı sonadək davam etdirib. O vaxt Joze Maurinyonun çalışdırdığı komanda ÇL-in əsas mükafatını qazanıb.

ÇL-də məğlubiyyətsiz oyunlar seriyasını 22-yə çatdıran “Mançester Yunayted” çətin ki, buna görə sevinsin. Axı, bu turnirin son qalibi böyük təhlükə ilə üz-üzədir. İndiyədək nəinki İngiltərə, ümumiyyətlə, Böyük Britaniyanın heç bir komandası Portuda qələbə qazana bilməyib. Aleks Ferqyussonun yetirmələri Portuqaliyada qələbə qazanmaqla, həm də tarixə düşə bilərlər.

Qeyd edək ki, “Arsenal” - “Vilyarreal” (1:1) və “Portu” - “Mançester Yunayted” (2:2) cütlüyünün qalibi aprelin 15-də müəyyənləşəcək.
0