Azərbaycan yığması 6 pillə də gerilədi...
08.04.2009 - 12:24
Azərbaycan yığması 6 pillə də gerilədi...
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə, 6 pillə geriləyib. 140-cı yerə enən və hesabında 190 xal olan milli komandamız UEFA-nın reytinqində də mövqeyini əldən verib. Berti Foqtsun rəhbərlik etdiyi kollektiv bir pillə geriləməklə, 48-ci sırada qərarlaşıb.

Son bir ayda yığmamız cəmi 1 matçda qüvvəsini sınayıb. Həmin görüşdə futbolçularımız Moskvada dünya çempionatının seçmə mərhələ çərçivəsində Rusiyaya uduzublar (0:2). 140-cı pillə FİFA-nın reytinqdə milli komandamızın builki ən pis göstəricisidir.

Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya və Rusiya yenə ilk “onluq”da qərarlaşıblar. Almaniyalılar 1362 xalla 2-ci yerdə qaldıqları halda, rusiyalılar 1117 xalla bir pillə geriləyərək, 7-ci sıraya düşüblər. Mövqeyini 6 pillə yaxşılaşdıran Finlandiya 591 xalla 51-cidir. Milli komandamızın iyunun 6-da qəbul edəcəyi Uels yığması 5 pillə geriləyib və 73-cü sıradadır. Lixtenşteyn yığması 134 xalla 155-ci yerdədir.

Reytinqə yenə də son Avropa çempionu İspaniya yığması (1729 xal) başçılıq edir. İlk “üçlüy”ü 1360 xalla Hollandiya milli komandası qapayır. Hesabında 925 xal olan Türkiyə isə üç pillə geriləyərək, 12-ci yerə düşüb.
0