“Bakı”nın vitse-prezidenti: Mən Tərlan Əhmədov olsaydım...
08.04.2009 - 12:40
“Bakı”nın vitse-prezidenti: Mən Tərlan Əhmədov olsaydım...
“Bakı” klubunun vitse-prezidenti Tunc Afşar “Olimpik”in 38 yaşlı kapitanı Tərlan Əhmədova məsləhət verib. Hazırda İstanbulda olan türkiyəli futbol məmuru apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının XX turunda “Olimpik” - “Bakı” görüşündə baş verənlərə toxunub.

O, “Şəfa” stadionunda keçirilən oyunda 2:1 hesabı ilə qalib gələn “Olimpik”in “Fair play” qaydalarını pozmasını pisləyib. Afşar bildirib ki, “Fair play” futbolda yazılmamış qayda olsa da, hamı buna riayət etməlidir: “Ancaq Azərbaycan milli komandasının da üzvü olan “Olimpik”in futbolçusu Mahir Şükürovun buna riayət etməməsi təəssüf doğurur. Biz Azərbaycanda uşaq futbolu, yeniyetmə oyunçuların inkişafı üçün çox çalışır, lazımı işlər görür, maddi dəstəyi əsirgəmirik. Mahir isə futbolda ilk addımlarını atanlara nümunə olmalı idi. Türkiyədə belə qolun vurulduğunu eşidənlər çaşıb qalırlar”.

“Bakı”nın vitse-prezidentinin sözlərinə görə, “Olimpik” yaxşı mənada dünya futboluna düşmək şansını əldən buraxıb: “Əgər rəqib qapımızdan belə qol keçiribsə, heç olmasa sonradan səhvini düzəldə bilərdi. “Olimpik”in futbolçuları qəsdən öz qapılarından top buraxardılar. Mən “Olimpik”in kapitanı olsaydım, komanda yoldaşlarıma geri çəkilib, rəqibin qol vurmasına imkan yaradardım. Onda bütün dünya bu komandadan, etdiyi jestdən danışardı. Bununla da, “Olimpik” tarixə yaxşı əməllə öz damğasını vurmuş olacaqdı. Rəqibin hərəkəti hesabın 2:1 bizim xeyrimizə olmasına imkan yaradacaqdı. Yenidən hesabda irəlidə olduğumuz zaman hər şey əvvəldən başlayar və ədalətli nəticə qeydə alınardı. Hər halda, AFFA-nın ədaləti bərqərar edəcəyinə inanıram. Bu qurum Azərbaycan futbolunun inkişafı üçün çox işlər görür və biz də bunu dəstəkləyirik”.

Qeyd edək ki, AFFA-nın Apelyasiya və Ekspert Komitəsi “Bakı”nın bu görüşdə baş verənlərlə bağlı şikayətinə baxıb, müvafiq qərar verəcək.
0