UEFA Azərbaycana yer vermədi
12.05.2009 - 11:18
UEFA Azərbaycana yer vermədi
Ölkəmizin yeni mövsümdən Avropa Liqası adlanacaq UEFA kubokunda təmsilçisi artmayacaq. Əvəzində qitə futbol qurumu bu turnirdə “Fair play”a görə Norveç, Danimarka və Şotlandiyaya əlavə yer verib.

Apasport.az saytının məlumatına görə, Norveç UEFA-nın keçirdiyi “Fair play” müsabiqəsinin qalibi olub. Bu ölkənin keçirilən 66 oyunda əmsalı 8,372 olub. Norveçlə yanaşı, ilk “üçlük”də yer alan Danimarka (84 oyun, 8,189 xal) və Şotlandiyaya (56 oyun, 8,169) Avropa Liqasının birinci təsnifat mərhələsində əlavə yerlər verilib. Bunlar bu ölkələrin çempionatlarında “Fair play” reytinqlərində ən yaxşı olan klublara çatacaq. Özü də əmsallar hesablanarkən, ötən ilin mayın 1-dən bu ilin aprelin 30-a kimi UEFA bayrağı altında keçirilən bütün oyunlar nəzərə alınır.

Balları oyunlara təyinat alan UEFA nümayəndələri müəyyənləşdirib. Bu zaman klubların və yığmaların futbolçularının, azarkeşlərinin və rəsmi şəxslərinin hərəkətləri, rəqibə hörmət, həmçinin sarı və qırmızı vərəqələrin sayı nəzərə alınır. Maraq üçün qeyd edək ki, Azərbaycan “Fair play” göstəricilərində 53 ölkə arasında 36-cı oldu. Ölkəmizin 46 oyuna görə əmsalı 7,702-dir. Azərbaycanın qabaqladığı ölkələr Yunanıstan, Kipr, Türkiyə, Moldova, Xorvatiya, Bolqarıstan, Makedoniya, Şimali İrlandiya, Malta, Farer adaları, Lüksemburq, Lixtenşteyn, Çernoqoriya, San Marino və Andorradır.

Göründüyü kimi, bədnam qonşularımız olan Ermənistan “Fair play”də bizdən üstündür. Düşmənlərimiz 18-ci yerdədir və 31 oyuna görə əmsalı 7,952-dir

Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanı gümüş və bürünc medalçılar təmsil edəcək. Ancaq Bakının “İnter” klubu həm mövsümü gümüş mükafatçı, həm də ölkə kubokunun sahibi kimi başa vurarsa, o, ikinci təsnifat mərhələsindən mübarizəyə qatılacaq. Məsələ ondadır ki, ölkə kubokunu qazanan birinci təsnifat mərhələsindən azad edilir. Mövsümü bürünc medalçı kimi başa vurması dəqiqləşən, 3-cü yeri sahibi olan Zaqatalanın “Simurq” klubu istənilən halda Avropa Liqasına ilk mərhələdən başlayacaq. “Qarabağ”ın da bu yolun yolçusu olacağı gözlənilir. Ancaq Ağdam təmsilçisi kuboku götürərsə, “Simurq”a yaxşı tanıdığı “İnter” yol-yoldaşı olacaq.

Qeyd edək ki, Azərbaycan heç vaxt “Fair play”a görə avrokuboklarda yer almayıb və bu vəsiqələr son illərdə daha çox Skandinaviya təmsilçilərinə nəsib olur. Əslində, Premyer Liqamızda bu ilin aprelin 5-də “Şəfa” stadionunda keçirilən “Bakı” – “Olimpik” oyunundan sonra ölkəmizin “Fair play”ə iddialı olması sadəcə, absurddur. Axı “Olimpik”in futbolçuları – millinizin üzvü Mahir Şükürovla braziliyalı Junivan Suares bütün hamının gözünün qabağında “Fair play” qaydalarının kobudcasına pozdular. Göründüyü kimi, UEFA “Fair play”ə necə böyük önəm verir və avrokuboklara ən asan yol bu turnirdən keçir.
0