Rəşad Sadıqov “Kocaelispor”un məşqlərinə qatılmır
14.05.2009 - 11:30
Rəşad Sadıqov “Kocaelispor”un məşqlərinə qatılmır
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov şərəfini qoruduğu Türkiyənin “Kocaelispor” klubunun hazırlığından kənarda qalıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi zədədən əziyyət çəkir.

Onunla yanaşı, komandanın kapitanı Sərdar Torpaktəpə, və Ergin Yücetaş da məşqlərə qatılmayıb. Əvəzində, uzun fasilədən sonra müdafiəçi Fatih Akyel hazırlığı bərpa edib. 2002-ci ildə Türkiyə yığmasının heyətində dünya çempionatının bürünc medalını qazanmış 32 yaşlı futbolçu bir müddət öncə zədələnmişdi.

Türkiyə mətbuatının yazdığına əsasən, “Kocaelispor”da mənəvi durum çox pisdir. Superliqanın sonuna 3 tur qalmış birinci diviziona yuvarlanan “Kocaelispor”un futbolçuları öz gələcəklərindən nigarandırlar. İzmit təmsilçisinin “Gaziantepspor” klubu ilə bazar günü keçiriləcək matça ruh düşkünlüyü altında hazırlaşması diqqət çəkir.

Qeyd edək ki, “Kocaelispor”da Rəşadla yanaşı, digər azərbaycanlı futbolçu Ramal Hüseynov da forma geyinir. Ancaq Sadıqovdan fərqli, 25 yaşlı yarımmüdafiəçi hələ də debüt etməyib. Hər iki futbolçumuzun izmitlilərlə müqaviləsi cari mövsümün sonunda bitəcək.
0