Ancaq Azərbaycanda: 48 yaşlı futbolçu ölkə çempionu olur!
14.05.2009 - 12:12
Ancaq Azərbaycanda: 48 yaşlı futbolçu ölkə çempionu olur!
Həftəsonu keçiriləcək son turun görüşlərindən sonra Azərbaycan çempionatının birinci divizionunda mükafatçılar müəyyənləşəcək. Apasport.az saytının hesablamalarına görə, ən azı gümüş medalları təmin edən ABN (Bərdə) yalnız möcüzə sayəsində çempionluğu itirə bilər.

Bərdəlilər mayın 16-da Neftçalada 0:3, 1:4, 2:5 və ya ən azı 4 top fərqi ilə məğlub olsalar, şəxsi görüşlərin nəticəsinə əsasən ikinci pilləyə enəcək. Lakin ABN ertəsi gün zirvəyə qayıdıb çempion ola bilər. Belə ki, autsayder “Spartak”ı məğlub edəcək “Şahdağ” da liderlərlə eyni xala malik olacaq. Üç komanda arasındakı oyunların nəticələrində isə Bərdə təmsilçisi aşkar üstündür. Əslində, onların böyük hesabla uduzacağı və “Şahdağ”ın öz meydanında xal itirməsi inandırıcı deyil.

ABN-in medal qazanması isə qeyri-adi rekordla yadda qalacaq. Belə ki, AFFA 48 yaşlı futbolçuya medal verməli olacaq. Söhbət bərdəlilərin 1961-ci il təvəllüdlü qapıçısı Rövşən Əliyevdən gedir. Cari mövsümün ən yaşlı futbolçusu olan 48 yaşlı əlcək sahibi birinci divizionda 3 oyun keçirməklə diqqət çəkib. Üç il əvvəl 54 yaşında aşağı dəstədə meydana çıxmaqla rekorda imza atan Əli Quliyevə çatmayan Rövşən baş məşqçisinin bacarmadığına nail olacaq. O, bu yaşında Azərbaycan çempionu olacaq ki, ən pis halda, bu medal gümüşlə əvəzlənəcək. ABN-in indiki çalışdırıcısı Quliyev isə çempionatlar tarixinin ən yaşlı futbolçusu olsa da, mükafat qazana bilməyib.

1992-ci ildə keçirilən ilk milli çempionatdan Bərdənin “Pambıqçı” klubunun şərəfini qoruyan və 1997-ci ilin sonunda komandanın dağılması üzündən karyerasını bitirən Əliyev 2005-07-ci illərdə birinci divizionda mübarizə aparan ABN-də çıxış edib. Komanda Premyer Liqaya çıxdıqdan sonra karyerasını yenidən bitirib komandanın məşqçilər korpusunda yer alan Rövşən 2009-cu ildə yenidən meydana qayıdıb. İki qapıçısından birinin klubu tərk etməyi, digərinin zədələnməyi Əliyevin fevralda start götürən matçlarda yenidən qapıda durmağına səbəb olub. Cəmi üç oyunda bu missiyanı yerinə yetirən veteran əsas qapıçının sağalaraq meydana dönməyindən sonra ehtiyat oyunçu kimi protokola daxil edilməklə, həm də qapıçılarla işləyən mütəxəssis kimi fəaliyyət göstərir.
0