Dünyanın ən yaxşı hücumçusu məlum oldu
29.05.2009 - 10:28
Dünyanın ən yaxşı hücumçusu məlum oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) mövsümün ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünyanın 60 ən güclü milli çempionatının ən məhsuldar oyunçusunu müəyyənləşdirən qurum ilkin siyahını tərtib edib.

Başa çatan 13 birinciliyin yekununa əsasən “Volfsburq”un heyətində Almaniya çempionu olan braziliyalı Qrafite 28 qolla birinci pillədə qərarlaşıb. İkinci yeri də onun komanda yoldaşı tutub. Bosniya və Herseqovinalı Zeko 26 dəfə fərqlənib.

Qrafite həm də orta məhsuldarlığına görə hamıdan yaxşıdır. 28 topu cəmi 25 matçda vuran braziliyalı orta hesabla hər qarşılaşmada 1,120 dəfə qol sevinci yaşayıb. Ondan başqa yalnız bir futbolçu – Livan çempionatının bombardiri Saleh Əl Sədunun məhsuldarlığı vahiddən yüksək olub. İraqlı legioner 18 oyunda 20 dəfə rəqib qapısına yol tapıb – 1,111.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası dünyanın ən güclü 60 birinciliyi sırasına daxil deyil.
0