Ponomaryov istefasının səbəblərini açıqladı
12.06.2009 - 17:53
Ponomaryov istefasının səbəblərini açıqladı
“Xəzər-Lənkəran” klubunun baş məşqçi vəzifəsindən kənarlaşdırılan İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- Mövsüm bitəndən sonra istefaya göndəriləcəyinizi bilirdiniz?
- Yox, bununla bağlı heç nə bilmirdim. Belə götürəndə hər şey normal idi. Açığı, deyə bilmərəm ki, sonra nə baş verdi və belə qərar çıxarıldı. Nə demək olar? Əlbəttə ki, bundan təəssüflənirəm. Çünki yenicə işə başlamışdıq. Düzdür, mövsüm bitəndən sonra rəhbərliyə demişdim ki, postumdan gedə bilərəm. Ancaq bunu qəbul etməyərək, mənə tam etimad göstərdilər. Rəhbərliyin mənə böyük inamı vardı. İsveçdə məzuniyyətdə idim. Zəng edib mənimlə vidalaşdıqlarını dedilər.

- Sizə bu xəbəri kim və nə vaxt dedi?
- Klub prezidenti Mais Mənsimovla telefon söhbətim oldu. O, bu barədə mənə məlumat verdi.

- Mənsimov istefaya göndərilməyinizi nə ilə izah etdi?
- Dedi ki, belə qərar qəbul ediblər.

- Mənsimov klubun saytına bildirib ki, siz getməyə hazır idiniz...
- Rəhbərliyə demişdim ki, istəyirsinizsə, istefa verməyə hazıram. Ancaq rəhbərlik qoymadı, mənə inanırdılar.

- Bəs siz niyə istefa vermək istəyirdiniz?
- Mən klub üçün işləyirdim. O başqa məsələdir ki, qarşıya çempionatı, kuboku qazanmaq vəzifəsi qoyulmuşdu və bunu yetirə bilmədik. Düzdür, avrokuboklardan kənarda qaldıq. Ancaq bunun kifayət qədər səbəbləri var və bunu nəzərə almaq lazımdır. Aparıcı futbolçularımız zədə problemi ilə üzləşirdilər. Qış fasiləsində demək olar heç kimi almadıq. Əlimizdə olanlarla kifayətlənib, bunlardan istifadə edir, komanda düzəlirdik. Yəni, üzərimizə düşən vəzifənin yetirməməyimizin səbəbləri var. Mənə qarşı inam vardı, vəssalam.

- Və birdən rəhbərlik sizə qarşı fikrini dəyişərək, istefaya göndərməyi qərara alır...
- Başqa fikir yarandı və birgə qərara gələrək, əməkdaşlığımızı dayandırdıq.

- Haqqınızda belə qərar çıxarılacağını gözləyirdiniz?
- Səmimi deyirəm, yox. Əlbəttə ki, istefaya göndəriləcəyimi gözləmirdim.

- Sizin “Xəzər-Lənkəran”la anlaşmanız başa çatırdı, yoxsa müqaviləni qarşılıqlı razılıq əsasında pozdunuz?
- “Xəzər-Lənkəran”la anlaşmanın müddətinə hələ yarım il qalmışdı. İlin sonuna qədər olan müqaviləni qarşılıqlı razılıqla pozduq.

- Klub məşqçinin müqaviləsinin müddətini vaxtından əvvəl pozursa, bu zaman kompensasiya məsələsi gündəmə gəlir. Maraqlıdır, bu məsələ necə həllini tapdı?
- Əlbəttə ki, bu da həll olunacaq.

- Mövsümün ortasında baş məşqçi postuna gətirilən məşqçinin cəmi yarım il sonraya istefaya göndərilməsini ədalətsizlik saymaq olar?
- Qərarın düzgün olub-olmadığından danışmağın indi mənası yoxdur. Bilirdim ki, qarşıya qoyulan müəyyən yerləri tutmasaq, gedə bilərəm.

- Azarkeşlər sizi yeni işə başladığınız dövrdə bir neçə dəfə istefaya səslədi. Bunun sifariş olduğunu hesab etmirsiniz ki?
- Bilirsiniz, üzləşdiyim ilk istefa sədalarını heç düzgün saymıram. İlk oyunum Lənkəranda “Karvan”la idi və qolsuz heç-heçə nəticələnən görüşün sonuna qədər 20 dəqiqə qalmış hələ qələbə qazanmaq olardı. Nəzərə almaq lazımdır ki, “Xəzər-Lənkəran”da debüt oyunum idi və birdən istefa qışqırmağa başlayırlar. Bu, ilk növbədə kluba, məşqçilərə və futbolçulara qarşı hörmətsizlikdir. Meydanda olan oyunçular kar deyillər, hər şeyi yaxşı eşidirlər.

- Qışda yeni futbolçuların alınmadığını dediniz. Ancaq həmin dövrələrarası fasilədə “Xəzər-Lənkəran”a Əhməd Dursun, Fatih Sonkaya kimi tanınan futbolçular alındı. Belə çıxır ki, siz onları istəmirdiniz?
- Onları mənim razılığımla aldıq. Mənə müəyyən mövqelərə futbolçular lazım idi. Həmin problemli mövqeləri gücləndirmək istəyirdik. Həmin vaxtda, yəni ikinci dövrənin startına az qalmış, təlim-məşq toplanışının sonunda Rəşad Abdullayev ağır zədələnərək, uzun müddətə sıradan çıxdı. Bizə hücumçu, sağ cinah yarımmüdafiəçisi lazım idi. Mənə Əhməd Dursunu təklif edəndə məmnuniyyətlə razılıq verdim. Təcrübəli hücumdur, milli komandada oynayıb, səviyyəli futbolçudur. O başqa məsələ ki, Dursun yaxşı formada gəlməmişdi. Əhməd yenicə formasına düşüb, normal oynayır, qolları sıralayırdı ki, zədələndi, sıradan çıxdı. Hər şey uğursuz alınırdı. Əvvəl dediyim kimi, çempionat öncəsi Rəşad ağır xəsarət aldı. Kubok oyunları öncəsi qapıçımız Kamran Ağayev zədə səbəbindən uzun müddətə sıradan çıxdı.

- Nəticə qazanmaq üçün güclü heyət lazım olduğu halda, “Xəzər-Lənkəran” sizin vaxtınızda elə də aktiv deyildi. Klub yaxşı maliyyə imkanlarına malik olduğu halda, siz baş məşqçi kimi rəhbərlikdən yeni transferlər etməyi niyə tələb etmirdiniz?
- Bilirsiniz, məsələyə yalnız transferləri reallaşdırıb-reallaşdırmaq prizmasından baxmaq da düzgün deyil. İlk növbədə komanda ilə tanış olmaq lazımdır. Futbolçuların nəyi bacardığını bilmək lazımdır. Yersiz transfer etmək də düzgün olmazdı. Axı biz komandada 40 futbolçunu götürə, bu qədər oyunçu saxlaya bilmərik axı.

- Yəni, yeni futbolçular alarkən kəmiyyətə yox, keyfiyyətə üstünlük vermək lazımdır...
- Əlbəttə. Dəvət etmək istədiyin futbolçunun potensialına yaxından tanış olmaq lazımdır. Təlim-məşq toplanışında bir heyətlə çalışdıq. Sərəncamımda olan futbolçuların kömək edəcəyini gözləyirdim. Ancaq ikinci dövrə öncəsi üzləşdiyimiz problemlərə görə heyətdə dəyişikliklər etməli, başqa cür oynamalı olduq.

- Bəlkə futbolçular bilərəkdən potensiallarından aşağı oynayırdılar və buna görə nəticə qazana bilmədiniz? Siz belə şeylər hiss etmişdiniz?
- Yox, qətiyyən belə şey olmayıb. Futbolçularla problemim yox idi. Onlar bacardıqlarını əsirgəmədirlər, Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdilər. Futbolçular özlərinə inanırdılar. Sadəcə, ilk oyunda – “Karvan”la görüşdə bəxtimiz gətirmədi və azarkeşlərin “istefa” sədaları da öz təsirini göstərdi. Hələ oyun başa çatmamış, yeni baş məşqçiyə ilk oyundaca belə münasibət göstərmək düzgün deyil.

- Rəhbərliklə belə söhbətiniz olmuşdu ki, yeni mövsümdə mənə sonadək şans verin və çempionluq, yaxud kubok qazanım?
- Bilirsiniz, hər şey elə ona doğru gedirdi. Çünki işlədiyim yarım ildə həm öz komandamın, həm də rəqiblərlə tanış olurdum. Digər komandaların potensialını görürdük. Artıq bundan sonra tam mövsümdə çalışıb, nəticə qazanmaq olardı. Futbolçulardan da çox şey asılıdır. Onlar da bilməlidir ki, yeni baş məşqçi nə istəyir. Bir sözlə, hər şeyə vaxt lazımdır.

- Haqqınızda çıxarılan qərara görə “Xəzər-Lənkəran” rəhbərliyindən inciməmisiniz ki?
- Yox.

- Mövsüm bitəndən az sonra “Xəzər-Lənkəran” 6 futbolçunu transferə çıxardı. Bu haqda məlumatınız vardı, yoxsa sizdən xəbərsiz bu addım atılmışdı?
- Əlbəttə ki, bu haqda məlumatım vardı. Rəhbərliyə demişdim və 6 futbolçu ilə yollarımızı ayırdıq.

- Bu futbolçulardan 5-i daha çox ehtiyatda qaldığından komandadan çıxarılacağı gözlənilirdi. Romulo Silvano əsas heyətdə kifayət qədər yer alaraq, hətta ötən mövsüm İvan Svetkovdan sonra “Xəzər-Lənkəran”ın ikinci bombardiri oldu. Belə olan halda, niyə Romulo da transferə çıxarıldı?
- Doğrudur, Romulo da transferə çıxarıldı və o, həqiqətən pis oynamadı. Ancaq daha yaxşısını əldə etmək istəyirdik. “Xəzər-Lənkəran”ın üç hücumçusu vardı: Svetkov, Dursun və bir də Romulo. Dursun da sındı, iki hücumçu qaldı.

- İsveçdə olduğunuz müddətdə hazırlıq planları, yeni futbolçuların keçidi ilə bağlı iş görürdünüz?
- Əlbəttə ki. Hazırlıq planlarını tərtib etmişdim. Yeni mövsümə hazırlıq iki mərhələdə, ölkədən kənarda təlim-məşq toplanışı keçmək nəzərdə tutulmuşdu. Bundan əlavə, “Xəzər-Lənkəran”ın gücləndirə biləcək futbolçuları nəzərdə keçirirdim, bununla bağlı skautlar, agentlərlə bağlı söhbətim olmuşdu.

- “Xəzər-Lənkəran son bir ildə sizi də nəzərə alsaq, üç baş məşqçini dəyişib. Sizcə, bu, komandaya başucalığı gətirir?
- Ümumiyyətlə, hər hansı komandada tez-tez baş məşqçini dəyişmək düzgün deyil. Çünki hər bir məşqçi futbolçuların, futbolçular da məşqçinin bacarığını görməlidir. Yəni, hər iki tərəf bir-birindən nə istədiyini bilməlidir. Bütün bunlara isə vaxt lazımdır. Özünüz da görürsünüz ki, Qyoko Hacıyevski, Valentin Xodukin, Roman Pokoraya vaxt verildi. Bu da öz bəhərini verdi. Ötən mövsümün mükafatçıları bu mütəxəssisin çalışdırdığı “Bakı”, “İnter” və “Simurq” oldu. Buna isə müəyyən vaxt lazım gəldi.
0