Ləng futbol, sərfəli nəticə, yoxsa heç-heçinə?
15.07.2009 - 12:07
Ləng futbol, sərfəli nəticə, yoxsa heç-heçinə?
Litva səfərini Çempionlar Liqasının ikinci təsnifat mərhələsində yarışan “Bakı”nın aktivinə yazmaq olar. Hərçənd, “zolaqlılar” “Ekranas”la görüşdə istəmədikləri bir neçə nüansla üzləşdilər. Komandanın baş məşqçisi Qyoko Hacıyevski oyundan öncə qapılarını toxunulmaz saxlamağı arzulayırdı. Lakin meydan sahibləri iki dəfə fərqlənə bildilər. Bundan başqa, “Bakı” qələbəni son saniyələrdə əldən verdi. Vaxtilə “İnter”də oynamış Valdas Trakisin qarşısını kəsmək mümkün olsaydı, çempionumuz Vətənə 2:1 hesablı qələbə ilə dönəcəkdi...

Səfərdə 2:2 hesabının qeydə alınmasına baxmayaraq, “Bakı”nın nümayiş etdirdiyi oyun tərifə layiq deyildi. Xüsusilə, matçın birinci hissəsində paytaxt futbolçuları ləng davranır, hücumu müdafiədən qurmağa çalışırdılar. Bu zaman komandamızın görüşdən heç-heçə ilə ayrılmaq istədiyini də sezmək mümkün idi. Rəqibin cərimə meydançasına girmək isə müşkülə çevrilmişdi. Ona görə də ilk 45 dəqiqədə Georgi Adamiyanın uzaqdan 3 zərbəsini izləyə bildik. Bunlardan cəmi biri “çərçivə”yə düşdü.

Çox güman ki, “Bakı”nın ləng futbol göstərməsinin əsas səbəbi oyun praktikası ilə bağlıdır. Komanda son rəsmi matçına mayda çıxıb. O vaxtdan bəri klubun düşərgəsinə yeni futbolçular gəlib və “Bakı” yalnız yoldaşlıq görüşlərində qüvvəsini sınayıb. “Ekranas”da isə tam fərqli vəziyyət hökm sürür: ölkə çempionatının şıdırğı vaxtıdır.

Yəqin ki, azarkeşlər “Bakı”nın start heyətinə də fikir verdilər: 9 legioner + 1 “azərbaycanlı” + 1 azərbaycanlı. İndi daha bir qəribə məqama toxunaq. Heyətdəki 1 “azərbaycanlı” - Fabio Luis Ramim kobud səhvi ilə yadda qaldı və litvalılar məhz onun topu itirməsindən sonra penalti qazanıb, hesabı açdılar. Meydandakı yeganə əsl azərbaycanlı Bəxtiyar Soltanov isə təxminən 70 dəqiqə zəif təsir bağışlasa da, məhsuldar ötürmə ilə dadımıza çatdı.

Bəlkə də “Bakı” heç-heçəyə məhz əcnəbi futbolçuların sayəsində nail oldu. Bəlkə də... Düzdür, ötən həftə Avroliqada mübarizə aparan “İnter”in də əsasını legionerlər təşkil edirdi. Ancaq onlar zəif rəqiblə qarşılaşmada həm özləri rüsvay oldular, həm də futbolumuza ləkə gətirdilər. “Bakı”nın da rəqibi bir o qədər güclü deyil. “İnter”dən fərqli, Hafiz Məmmədovun prezidenti olduğu klub bizə sevinc yaşatdı.

Matça statistika prizmasından yanaşsaq, yenə də müsbət cəhətlər tapa bilərik. “Bakı” avrokubokların cari mövsümündə ölkəmizə ilk xal qazandıran komanda oldu. Eyni zamanda, Hacıyevskinin komandası Çempionlar Liqasında ilk görüşdə səfərdə heç-heçəyə nail olan ilk kollektiv kimi futbolumuzun tarixinə düşdü. Ötən il elə həmin “İnter” Makedoniyada “Rabotniçki” ilə bərabərə (1:1) qalmışdı. Bu, tərəflər arasında cavab matçına təsadüf edirdi. Birinci oyunda “İnter” öz meydançasında 0:0 nəticəsinə imza atdığından, güc-bəla ilə növbəti mərhələyə adladı.

İnanırıq ki, bu dəfə “Bakı” işi uzatmayacaq. Səfər qoluna bel bağlamaq lazım deyil. Qələbə qazanıb, azərbaycanlı futbol həvəskarlarına bayram yaşatmaq gərəkdir. Fatih Terim demişkən, heç-heçə elə “heç-heçinədir”. Yəni, Litvada heç nə olmayıb. Panevejis arxada qalıb, irəlidə isə Bakıdır...
0