Zeynal Məmmədov: O, düzgün hərəkət etmədi
27.07.2009 - 17:56
Zeynal Məmmədov: O, düzgün hərəkət etmədi
“Ramazan Abbasov artıq bizim futbolçu deyil. O, “Xəzər-Lənkəran”a getdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Uzun müddətdir “Bakı”nın şərəfini qoruyan Ramazan Abbasovun adı Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilmişdi. Ancaq 26 yaşlı yarımmüdafiəçi Bolqarıstanın “Levski” klubu ilə görüşə qədər “Xəzər-Lənkəran”ın heyətində Avstriyaya təlim-məşq toplanışına yollanmağı üstün tutdu. Məmmədovun sözlərinə görə, Abbasovun “Levski” ilə Bakıdakı görüşdə əsas heyətdə yer alması nəzərdə tutulubmuş: “O, sabahkı oyunda əsas heyətdə meydana çıxacaqdı. Bunu onun özünə də dedim. “Ekranas”la hər iki görüşdə əsas heyətdə meydana çıxan Bəxtiyar Soltanov cəza üzündən sabah oynamayacaq. Ramazan da elə yarımmüdafiənin sağ cinahında çıxış edir. Hər halda, məhz bu mövqedə oynamağın özü üçün rahat olduğunu bildirdi. Abbasova dedim ki, sənə şans verəcəyik, bundan istifadə et. Daha sonra demə ki, niyə məni oynatmırsınız”.

“Bakı” məsul sınaq öncəsi başqa kluba keçməyi üstün tutan futbolçunun saxlamaqda maraqlı olmayıb: “Ramazan düzgün hərəkət etmədi. Bizə lazım olmasaydı, Çempionlar Liqasına onu sifariş etməzdik. Ancaq Abbasov bizə xəbər vermədən başqa klubun heyətində yer aldı”.

Qeyd edək ki, Ramazan 2007-ci ilin yayında “Neftçi”yə keçsə də, orada möhkəmlənə bilmədi. Bir il sonra “Bakı”ya qayıdan yarımmüdafiəçisi bu komandada əsas heyət oyunçusu ola bilmədi. “Bakı”nın bütün titulları - iki çempionluq və bir kubok qazanılan vaxtda Abbasov onun sıralarında olub.
0