“Batista 1 milyon dollara dəyər”
31.07.2009 - 23:00
“Batista 1 milyon dollara dəyər”
Ukrayna Premyer Liqasında mübarizə aparan Lvovun “Karpatı” klubunun idman direktoru Taras Qordiyenkonun apasport.az saytına müsahibəsi

- Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Bakı”nın braziliyalı hücumçusu Vilyam Roşa Batista ilə maraqlanırsınız. Hətta futbolçu danışıqlar aparmaq üçün Ukraynada olub. Onun “Karpatı”ya qayıdışı perspektivi haqda nə deyərdiniz?
- Batista ilə həqiqətən də ciddi maraqlanırıq. Ümid edirik ki, komandamıza qayıdacaq. Onun Lvovdakı oyununu yaxşı xatırlayırıq. Braziliyalı komandamızda çıxış etdiyi 3 mövsümdə inamlı oyunu ilə diqqət çəkdi, məhsuldarlıq nümayiş etdirdi. Vilyamın həmin vaxt birinci liqadan yüksək liqaya çıxmağımızda böyük köməyi dəydi. Buna görə də ona dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Batista yenidən komandamızda çıxış edəcək və qarşıdakı mövsümdə bizə yardımçı olacaq.

- Ötən ilin qışında Batistanı “Xarkov”a satmışdınız. Buna maddi baxımdan sərfəli təklif səbəb oldu, yoxsa?
- Bilirsiniz, futbolçu bir komandada çox qalanda, heç də hər şey yaxşı olmur. Onun həmin oyunu göstərmədiyi hiss olunur və bu zaman mütləq ab-havanı dəyişmək lazımdır. Batistada da belə hal müşahidə olunduğu üçün başqa kluba satmağı daha məqsədəuyğun saydıq. O, artıq il yarımdır komandamızdan kənarda qalıb. Hesab edirik ki, Vilyama Lvovda çox yaxşı idi. Fikrimcə, elə futbolçu da bunu yaxşı başa düşüb və geri dönəcək.

- Bildiyimizə görə, Batistanın transferi üçün həmin vaxt 1 milyon dollar almısınız. Doğrudanmı Vilyam bu məbləğə dəyir?
- Əlbəttə. Amma sizə konkret rəqəm açıqlamayacağam. Belə deyim ki, Batista ona görə ödənilən pula dəyir. Sualınıza təxminən belə cavab verə bilərəm.

- Yəni, Vilyam bahalı futbolçudur...
- Sözsüz ki, yaxşı, səviyyəsi yüksək olan futbolçudur. Batistanın həm yaxşı qol hissiyyatı var, həm də güclü zərbələrə malikdir. Belə keyfiyyətli futbolçunu almağa dəyər. Sözsüz ki, Batistanın bir oyunçu kimi səviyyəsi Ukraynanın yüksək liqasının tələblərinə cavab verir.

- Təsadüfi deyil ki, “Bakı” onu ötən qış sonradan transfer hüquqlarına sahib çıxmaq şərtilə yarım il müddətinə icarəyə götürdü. Batista da vurduğu qollarla etimadı doğrultdu və komandasının ölkə çempionu olmasında böyük rol oynadı. Həmin vaxt futbolçunuzu izləyirdinizmi?
- Əlbəttə, braziliyalı futbolçunun çıxışında çox vacib yeri motivasiya tutur. Əgər Batistanın Azərbaycanda motivasiyası olubsa, onun faydalı iş əmsalı yüksək səviyyədə olmalı idi. Biz Vilyamdan komandamızda da belə oyun gözləyirik. Danışıqlarımızda onun yenidən bizdə çıxış etmək motivasiyasının olduğunu görürük.

- Siz artıq Batista ilə rəsmi müqavilə bağlayacaqsınız, yoxsa danışıqlar davam edəcək?
- Fikrimcə, onun keçidi ilə bağlı məsələ qarşıdakı bir həftədə tam həll olunacaq.

- O, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” klubu ilə avqustun 5-də keçiriləcək cavab görüşündə “Bakı”ya kömək etməlidir. Belə çıxır ki, transfer yalnız bundan sonra transfer baş tutacaq...
- Mən şəxsən danışıqlarda iştirak etməmişəm. Ancaq bildiyimə görə, klubların rəhbərliyi arasında şifahi, centlmensayağı belə razılıq var ki, “Levski” ilə cavab görüşünə qədər son qərar qəbul etməyəcəyik. Yəni, belə qərara gəlmişik ki, Batista Çempionlar Liqasının bu mərhələsində “Bakı”ya kömək etməlidir. Artıq bu oyundan sonda məsələyə son qoyulmalıdır.

- “Bakı” rəhbərliyi də Batistanın transferi ilə bağlı sərfəli təklif aldığını gizlətmir. Yəqin ki, ölkə çempionumuza braziliyalıya görə yaxşı məbləğ təklif etmisiniz?
- Gəlin belə danışaq ki, maliyyə məsələləri haqda suala cavab verməyəcəyəm. Ən azı ona görə ki, hətta nəyisə bilsəm də, heç də hər şeydən xəbərdar deyiləm.

- Ancaq hər halda, Batistanın “Bakı” ilə anlaşması var və onu geri qaytarmaq istəyirsinizsə, bu klubla məsələni razılaşdırmalısınız...
- Onu dəqiq bilirəm ki, artıq gələn həftə Batistanın keçidinin həlli ilə bağlı yekun qərar verməyi planlaşdırırıq.
0