“Barselona” və ya “Çelsi”yə keçidimə Mübariz Mənsimov qərar verəcək” - MÜSAHİBƏ
01.10.2009 - 18:29
“Barselona” və ya “Çelsi”yə keçidimə Mübariz Mənsimov qərar verəcək” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran”la müqavilə bağlayan Almaniyanın “Ayntraxt” klubunun futbolçusu, 13 yaşlı Cem Fələkin apasport.az saytına eksklüziv müsahibəsi

- Seçimdə “Xəzər-Lənkəran”a üstünlük verməyinizə səbəb nə oldu?
- Birincisi, biz Azərbaycanı çox sevirik. Bunu birdəfəlik hər kəsin bilməsi lazımdır. İkincisi, dost-tanışlarımızın çoxu Azərbaycandadır. Sevimli müğənni Baloğlan Əşrəfov, onun qohumu İqbal Quliyevi çox sevirik. “Xəzər-Lənkəran” klubu, ona himayədarlıq edən “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun gördükləri işlər də çox xoşumuza gəldi. Seçimimiz bütün bunlarla bağlıdır. Başqa bir niyyətimiz yoxdur. Azərbaycan futbolunun inkişafına yardımçı olmaq istəyirik. Futbolunuz mütləq irəli gedəcək və biz də öz töhfəmizi verəcəyik.

- Hər halda, reallığı nəzərə alsaq, Avropa klubuna transfer daha böyük perspektiv vəd edir. Lakin gözlənilməz seçim edib, Azərbaycan təmsilçisi ilə anlaşmağınız maraq doğurur...
- Təbii ki, Avropada çıxış etmək böyük perspektivdir. “Xəzər-Lənkəran”da, ümumiyyətlə, Azərbaycanda futbol oynamağa gəlməyəcəyəm. “Ayntraxt” klubunda çıxışımı davam etdirəcəyəm. Gələcəkdə daha güclü klublardan gələn təklifləri dəyərləndirməyimiz mümkündür. Bu, bir-iki ildən sonra baş verə bilər. Sadəcə, Mübariz Mənsimov sponsorluq etməyi planlaşdırıb. Bu da təkcə bizim yox, “Xəzər-Lənkəran”ın, Azərbaycanın xeyrinə olacaq. Yəni Avropada, hər yerdə “Xəzər-Lənkəran”ın, Azərbaycanın adı çəkiləcək. Hər yerdə bu haqda danışacağam.

- Sponsorluq müqaviləsində hansı şərtlər nəzərdə tutulub?
- Heç bir xüsusi şərt yoxdur. Sadəcə, qarşıdakı 3 ildə daha yaxşı məkanda hazırlıq keçmək, məktəbdə təhsil almaq, lazımı səviyyəyə çatmağım üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub. Daha iki il Frankfurtda oynayacağam. Bundan sonra harada - İngiltərənin “Çelsi”, yaxud İspaniyanın “Barselona” klubuna keçidimə Mübariz Mənsimov qərar verəcək.

- Bu variantlar həqiqətən də realdır?
- Əlbəttə, “Çelsi” və “Barselona” variantları realdır. Əslində, ötən il “Çelsi”yə transferim gündəmdə idi. Sadəcə, yaşım hələ azdır və ailədə bir uşaq olduğumdan, məni bu kluba vermək istəmədilər. Yəni bir qədər böyüyüb, 14-15 yaşa çatmağımı və bundan sonra keçidin gerçəkləşməsini istədik.

- “Çelsi” və “Barselona” nəinki Avropa, hətta dünyanın nəhəng klublarındandır. Yəni onlar hər futbolçuya maraq göstərmir, hər futbolçunu transfer etmirlər...
- Onlar məndə böyük istedad olduğunu düşünürlər. Üç ay öncə “Mançester Siti” məni almaq istəyirdi. Müxtəlif ölkələrdə - İtaliyada, Hollandiyada keçirilən beynəlxalq turnirlərdə iştirak edirəm. Yəqin ki, orada göstərdiyim oyun xaricilərin diqqətini cəlb edir. İndi Avropada bütün klublar 12-15 yaşlı uşaqları alıb, gələcək üçün hazırlamaq istəyirlər. Yəni aşağı yaş qruplarına böyük diqqət göstərirlər. Aşağı yaş qrupları olmayan klubun gələcəyi yoxdur.

- Anlaşmadan belə çıxır ki, Cem Fələki transfer istəyən klublar “Xəzər-Lənkəran”la danışıqlar aparmalıdırlar.
- Elədir. Gələcəkdə mənimlə müqavilə bağlamaq istəyən klublar “Palmali” şirkətinə gəlib, Mübariz bəylə danışmalıdırlar. Birgə qərar verəcək, ən yaxşısını seçəcəyik.

- Bəs sizi yetişdirən “Ayntraxt”ın taleyi necə olacaq?
- Əgər başqa kluba transfer olsam, FİFA və UEFA-nın qaydalarına görə, “Ayntraxt” məni yetişdirdiyi üçün pul tələb etmək hüququ var. Müqavilə əsasən, müəyyən faiz onlara çatır və bunu məcburi ödəməlisən. Bu, bütün dünyada belədir.

- Gələcəkdə “Xəzər-Lənkəran”da oynamaq istəyirsiniz?
- Peşəkar futbolçu olmağıma hələ bir neçə il var. Fikrimiz Avropada böyük klublarda oynamaqdır. Nəinki “Xəzər-Lənkəran”da, hətta Türkiyədə belə, oynamaq istəməirəm. Çünki Avropada yetişib, özümü göstərməyim lazımdır.

- Türkiyə klublarından maraq varmı?
- Çox böyük. “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” klublarından ciddi maraqlanırlar. Amma Almaniyada böyüdüyümdən, buradakı mühitə, mentalitetə alışdığımdan Türkiyədə yaşamağıma problemlər yarana bilər. Lakin bu, alman olmağım demək deyil. Sadəcə, fərqlər var. Türkiyə milli komandanın yarısı Almaniyada, Avropada böyüyənlərdir. Buna misal olaraq Hamit və Xalil Altıntop qardaşlarını, Nuri Şahini göstərmək olar.

- Belə oyunçulardan biri, “Verder”in yarımmüdafiəçisi Məsut Özilin Türkiyə, yoxsa Almaniya yığmasını seçəcəyi böyük müzakirə obyektinə çevrildi. Sonda Almaniyanın lehinə qərar verən Məsut bu yığmanın heyətində milli komandamızla Bakıdakı oyunda debüt etdi. Siz də belə qərar verə bilərsinizmi?
- Məsutu dəstəkləyirik. Onun verdiyi qərar həqiqətən də gözəldir və buna hörmət edirik. Çünki Özil Almaniyada böyüyüb, orada yetişib. Almanlar ona böyük şans verib, israrla istəmişdi. Məncə, Məsut da ən düzgün addımı atdı. Düzdür, Türkiyə də onu istəmişdi. Ancaq Almaniyanı seçibsə, deməli, ora onun üçün daha cəlbedici olub. Bu, sonda bir savaş yox, futboldur.

- Adı çəkdiyiniz “Mançester Siti”, “Çelsi”, “Barselona”nın maddi baxımdan problemləri yoxdur. Əksinə, bu planda vəziyyətləri yüksəkdir. Maraqlıdır, sizin kimi istedadlı futbolçuya sahib çıxmaq üçün nə qədər pul xərcləmək istəyirlər?
- Bu rəqəmlər açıqlanmır, belə şeylər həmişə gizli saxlanılır. Fikrimizcə, klublarla gizli görüşlər olacaq və danışıqların necə getdiyini heç kim bilməyəcək. Əslində, transfer qiymətini bilirik. Amma söyləmək düzgün olmadığı üçün demək istəməzdik. “Barselona”, “Çelsi”, “Mançester Siti” elə klublardır ki, onlarla real olmayan şeyləri danışmağım mənası yoxdur. Menecerimiz də var və ona çox böyük təkliflər gəlir. Almaniyada bütün yeniyetmə futbolçular izlənilir. Bunu həyata keçirən menecerlər oyunlara baxırlar. Özü də bu bir yox, bir neçə dəfə, aylarla olur. Sonda həmin uşağı nə vaxt götürməyi müəyyənləşdirirlər. Misal üçün bizdə Əmrəcan adlı bir futbolçu var idi, onu “Bavariya” transfer etdi. 16 yaşlı bu futbolçuya çox böyük pul verdilər. O, çıxış etdiyi Almaniya yığmasının kapitanıdır.

- “Barselona” yaxınlarda gürcü və erməni yeniyetmə futbolçu aldı. Niyə də belə böyük klubda türk futbolçu olmasın...
- Bu, nə qədər gözəl bir şeydir. Azərbaycanda 14-15 yaşlı futbolçular “Fənərbaxça” klubunda hazırlıq keçirlər. Bu uşaqlar Türkiyədə yetişirlər və Azərbaycanın futbolunun gələcəyidirlər. 15-20 il öncə Türkiyənin futbolu var idimi? Həmin vaxt vəziyyət Azərbaycanda olduğu kimi idi. İnanın ki, 3-4 il sonra sizin də futbol, milli komandanız yüksək səviyyəyə qalxacaq.

- “Çelsi” və “Barselona” klublarından hansına daha çox simpatiya bəsləyirsiniz?
- Könlümdəki klub “Barselona”dır. Orada oynamağı çox istəyirəm. Bu, mənim üçün xəyaldır.

- Bəs ən çox sevdiyiniz futbolçu kimdir?
- Lionel Messi. “Barselona”nın argentinalı futbolçusunun oyunu çox xoşuma gəlir. İşimə peşəkarcasına yanaşıram. Məşqə, yeməyimə, yatmağıma, klubuma, hər şeyə çox diqqət yetirirəm. Heç bir zaman ailədən problem yaradacaq olay olmur. Hər şeydə qayda-qanuna üstünlük verirəm.

- Türkiyə Futbol Federasiyanın dəvəti ilə 15 yaşlılardan ibarət yığmanın təlim-məşq toplanışında iştirak etmək üçün İstanbula yollanacaqsınız. Yığma perspektivi haqda nə düşünürsünüz?
- Azərbaycan milli komandasında oynamaq perspektivi ilə bağlı buna qədər Bakıda olmuş, AFFA rəhbərliyi ilə görüşümüz olmuşdu. Bizi çox gözəl qarşıladılar, hər şey yaxşı idi. İndi də Türkiyədən bizi çağırırlar, bu ölkəyə gedirik. Almaniya yığmasından da maraq var. Bildiyimizə görə, ötən ilin sonunda məni seçmişdilər. Yəni bu üç ölkənin birinin yığmasında oynaya bilərəm. Amma bu məsələdə tələsmirik, gələcəkdə buna qərar verəcəyik. Hansı mənim üçün yaxşı olarsa, onu da seçəcəyik.

- Yəqin ki, Almaniya və ya Türkiyə yığmasında oynamaq Azərbaycanla müqayisədə daha yaxşıdır. Hər halda, bu iki kollektiv milli komandamızdan güclü olduğundan, şansımız azdır...
- Bunu indiki göstəricilərə görə bunu demək olar. Hər halda, Almaniya və Türkiyə favoritdir.

- Amma əvvəllər milli komandamızda oynamaq istəyiniz var idi...
- AFFA-nın baş katibi Elxan Məmmədovla Bakıdakı görüşümüz zamanı Avropa futboluna alışdığımı, orada yetişdiyimi qeyd etdim. Onun sözləri çox xoşumuza gəldi. Məmmədov “istərdim ki, Cem çox yaxşı, yəni bizdən güclü yerlərdə oynasın” dedi. Yəni hər şeyə real baxdı və onun dediklərini həqiqətən də çox bəyəndik. Çox gözəl bir söz işlətdi: Yetər ki, Cem futbol oynasın. Onun harada oynamağı önəmli deyil. Önəmli olan ulduz futbolçu kimi yetişməyi üçün lazımi işləri görməkdir.

- Klubdan fərqli, yığmanı dəyişmək olmur. Yəni qərarı elə vermək lazımdır ki, sonradan peşman olmayasan.
- Buna hələ çox zamanımız var. Təbii ki, Azərbaycan yığmasında da oynaya bilərəm. İnşallah, gələcəkdə ən düzgün qərarı verəcəyik. Əsas məsələ odur ki, könlümüz Azərbaycandadır və burada futbolun inkişafına öz töhfəmizi vermək istəyirik. Almaniyada Avropa futbolunu öyrənir, oranın ən güclü klubları ilə görüşürəm. Güclü futbolçularla oynamağım lazımdır.

- “Xəzər-Lənkəran”ın maddi vəziyyəti çox yaxşıdır. Bu, stimullaşdırma yaradırmı, sizi cəlb edirmi?
- Yox. Bizim könlümüzdə əsas pul yox, güclü olmaqdır. Sən yaxşı futbolçu olsan, böyük klublar da sənə para verəcək. Mübariz Mənsimovun bu yaşda futbolçunu kəşf etməsi, dəyər verməsi, gələcəyi fikirləşməsi diqqətimizi cəlb etdi. Bununla bağlı planlar var və indi bu haqda bir şey deyə bilmərik. Mübariz bəy özü buna qərar verəcək. “Xəzər-Lənkəran”la 3 illik müqavilə bağlamışıq. Bundan uzun müddətlisini, məsələn, 5 illik istəsək belə, qanun buna imkanı vermir. Yəni uzağı 3 il ola bilər. Müqaviləni elə bağlamışıq ki, 3 ildən sonra müddəti avtomatik uzadacağıq.

- Yığmamızın Almaniya ilə görüşündən sonra orada komandamız, futbolumuz, baş məşqçi Berti Foqts haqda nə danışırlar?
- Almaniyadakı həmin oyunu biz də izlədik. Azərbaycan haqda çox gözəl şeylər, getdikcə inkişaf etdiyini, gələcəkdə böyük uğurlar olacağını, Foqtsun yüksək nizam-intizam gətirdiyini söylədilər.