“Foqtsun taleyi birbaşa Rusiya ilə oyundan asılıdır” - MÜSAHİBƏ
14.10.2009 - 13:14
“Foqtsun taleyi birbaşa Rusiya ilə oyundan asılıdır” - MÜSAHİBƏ
Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanovun Rusiya mətbuatına müsahibəsi

- Sizi Azərbaycan yığmasına kim dəvət edib?
- Bu, uzun söhbətdir. 2003-cü ildə məni yığmanın meneceri təyin etdilər. Sonradan “Xəzər-Lənkəran”a rəhbərlik etdim. 2007-ci ildə isə yığmaya məşqçi kimi qayıtdım. Əvvəlcə Şahin Diniyevin, sonra isə Qyoko Hacıyevskinin köməkçisi işlədim. Onun istefasından sonra ötən ilin martında Litva ilə yoldaşlıq görüşündə baş məşqçi əvəzi idim. Həmin oyuna Berti Foqts da gəlmişdi. O, tezliklə milli komandamızı qəbul etdi, mən isə seleksiyaçı məşqçi oldum. Paralel olaraq, gənclər yığmasında almaniyalı Bernard Lippertə kömək edirəm.

- Həmin Lipperti gənclərə Foqstun tövsiyəsi ilə gətiriblər.
- Yəqin ki...

- Siz belə məşqçilərlə işləyə-işləyə almanca başa düşürsünüz?
- Az. Foqts və Lippertlə tərcüməçi vasitəsilə danışıram.

- Deyilənə görə, Foqts sərt xarakterlidir, ünsiyyət qurmağa həvəsli deyil.
- Mənə bu mövzuda fikir yürütmək çətindir. Onunla çox nadir hallarda görüşürük.

- Bakıda olmur?
- Məsələ də elə ondadır. Fikrimcə, yığmanın baş məşqçisi ölkədə daha çox vaxt keçirməlidir. Yalnız köməkçilərə bel bağlamayıb, şəxsən özü çempionat oyunlarını izləməlidir. Gənclər və yeniyetmələr yığmasına diqqət yetirməlidir. Təəssüf ki, bu, baş vermir.

- Azərbaycanda Foqtsa necə yanaşırlar?
- Fərqli. Lixtenşteyn üzərində qələbədən sonra Foqts yığmamıza səfərdə ilk rəsmi qələbəni qazandıran məşqçi kimi tarixə düşdü. Digər tərəfdən, cəmi 4 xalımız var.

- Azdır?
- Əlbəttə! Misal üçün elə həmin Lixtenşteyni evdə də udmalı idik. Ancaq 0:0 hesabı ilə kifayətləndik. Elə Uelsə də evdə uduzmamalı idik.

- 2006-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasını Karlos Alberto Torres çalışdırırdı. Foqts bir məşqçi kimi braziliyalıdan güclüdür?
- Bəli. Torresin dövründə bizim üçün hər şey tez-tez darmadağınla nəticələnirdi. Polşa ilə matçda 0:8 hesabı ilə darmadağın olduq! Foqtsun dönəmində az qol buraxırıq. O, oyunçulara alman nizam-intizamı aşılamağa çalışır. Düzdür, tez dəyişiklikləri heç kim gözləmir. Axı uşaq tez gəzmir. Burada da belədir. Futbolçulara məşqçinin fəlsəfəsinə uyğunlaşmaq üçün vaxt lazımdır.

- Torres da Azərbaycanda az olurdu?
- Əksinə, o, tez-tez gəlirdi.

- Demək olar ki, Foqts artıq Azərbaycan mentalitetini başa düşüb?
- Artıq başa düşməlidir. Hər halda, o, il yarımdır burada işləyir.

- Ötən əsrin 60-cı illərində “Neftçi”nin məşhur hücumçusu olan Kazbek Tuayev həmişə almaniyalını tənqid edir. Ona qulaq asmaq lazımdır?
- Nə qədər insan varsa, bir o qədər də fikir mövcuddur. Şəxsən mən Tuayevə böyük hörmətlə yanaşıram.

- Onun iradlarından biri yığmaya serbiyalı Branimir Subaşiç və braziliyalı Leandro Qomeşin çağırılmasıdır. Bu haqda nə fikirləşirsiniz?
- Yığmada milliləşən legionerlərin olmasında problem görmürəm. Ancaq bir şərtlə ki, onlar bizimkilərdən bir baş güclü olsun. Subaşiç həqiqətən də yaxşı futbolçudur. Ancaq digərləri bizim yığmanın formasını geyinməyə layiq deyillər.

- Foqts almanlardan kiməsə Azərbaycan yığmasında oynamağı təklif edib?
- Bu haqda eşitməmişəm. Ancaq almanlardan kiminsə razılıq verdiyinə şübhə etmirəm.

- Alman məşqçinin hücumçu İlqar Qurbanovla münaqişəsinin səbəbi nədir?
- Mətbuatda Foqtsun bu haqda fikri belə idi: “Mənə “Makdonals”da qidalanan futbolçu lazım deyil”.

- Bir də Foqtsun sözlərinə görə, Qurbanov oyunun təhlili zamanı yatırmış.
- Mən inanmıram ki, ciddi futbolçu bunu etsin. Ancaq düzünə qalsa, bu, həm məşqçiyə, həm də kollektivə qarşı hörmətsizlikdir. Onda ümumiyyətlə, niyə futbol oynayasan? Mən həyatım boyu heç vaxt toplantıda yatmamışam!

- Foqts cari seçmə mərhələdən sonra qalacaq?
- Onunla müqavilənin müddəti bitir. Bundan sonra necə olacağı AFFA rəhbərliyinin səlahiyyətindədir. Fikrimcə, Foqtsun gələcək taleyi birbaşa Rusiya ilə oyundan asılıdır.

- Doğrudur ki, onu Stanislav Çerçesov əvəzləyə bilər?
- Yalnız belə söhbətlər gəzirdi. Məndə olan məlumata görə, federasiyadan Çerçesovla heç kim danışığa girməyib.

- Bəs özünüz Çerçesova zəng etmisiniz?
- Yox. Hərçənd biz çoxdan tanışıq. Hələ “Spartak”da bir yerdə məşq etmişik. Sonradan həyat bizi ayırdı. Hətta Çerçesovu sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram.

- “Neftçi”ni çalışdırmış Vlastimil Petrjelanı ölkədə qiymətləndirmədilər?
- Onunla “Neftçi” rəhbərliyi arasında olan problemlər haqda yalnız qəzetlərdən xəbər tuturdum. Yazırdılar ki, Petrjela restoranlarda, barlarda həddən çox vaxt keçirirdi, spirtli içkilərə qurşanmışdı. Buna görə də onu vəzifəsindən çıxartdılar.

- Vlastimili kazinoda görmüsünüz?
- Bakıda kazino yoxdur.

- Azərbaycanda çalışmış Anatoli Demyanenko müsahibəsində deyib ki, bu ölkədə işləmək çox çətindir, hər addımda intriqa var.
- Mən bu müsahibəni oxumuşam. Ola bilsin ki, Demyanenko nədəsə haqlıdır. Başa düşürsünüz, hər məşqçiyə vaxt lazımdır. Anatoliyə də özünü göstərmək üçün bu, lazım idi. Mən də bu məsələ ilə bağlı fikir bildirmişdim ki, insanlara işləməyə vaxt verin! Paxıllıq etmək lazım deyil.

- Demyanenkoya vaxt verilmədi?
- Söhbət də elə bundadır. Bizim başqa dövlətimiz, başqa mentalitetimiz var. Bir-birinə öyrəşmək, dözmək lazımdır.

- Demyanenko deyirdi ki, Bakıda onu alkoqolla problemlərinin olduğu, sərxoş halda maşın sürməsi haqda şayiələr gəzirdi.
- Mən bunu kimdənsə eşitsəm belə, inanmazdım.

- Azərbaycanda ən məşhur komanda olan “Neftçi” bu yaxınlara kimi çempionatda 9-cu yerdə gedirdi. Nə baş verib?
- İndi komandanın sükanı arxasına Vaqif Sadıqov keçib. Klubda dəyişiklər baş verir. Ancaq bu haqda danışmağı elə də istəmirəm. Məni düzgün başa düşün. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Mən özüm də bu komandada oynamışam. Ancaq son illər məni onunla heç nə bağlamır.

- Rusiyada işləmək istərdinizmi?
- Dəvət etsələr, niyə də yox?

- Hələ dəvət etməyiblər?
- Yeddi il öncə Soçinin “Jemçujina” klubunun baş məşqçisi işləyirdim. Həmin vaxt onu Sergey Falkov saxlayırdı. Komandanı qaldırmaq istəyirdilər, ancaq bir il sonra klub dağıldı və mən Azərbaycana qayıtdım.

- “Alaniya”nın qızıl dövründə onun aparıcı futbolçularından biri idiniz. Ancaq komandadan pis ayrıldınız. Valeri Qazzayev sizi 1996-cı ildə “Spartak”la “qızıl oyun”u satmaqda günahlandırırdı.
- İndi Qazzayev təcrübəli məşqçi olub, Rusiyada ən yaxşılardan biridir. Həmin vaxt isə həddən artıq aqressiv idi. Elə buna görə də belə sözlər işlədirdi. Mənim “qızıl oyun”u satmaq heç fikrimdən keçməyib. Həyatda sağ qalmazdım. Karyeramda heç bir oyun satqısı olmayıb, bu haqda danışığa girməmişəm. Mən Rusiyaya yalnız futbol oynamağa gəlmişəm, başqa heç nəyə. Çünki məni Azərbaycandan sadəcə olaraq qovdular.

- Necə?
- İnsan kimi yox, futbolçu kimi. Bu, çoxdankı söhbətdir. Onda hələ SSRİ dağılmamışdı. Məni dərhal “Spartak”a çağırdılar. Şəxsən Oleq Romantsev mənə zəng etdi. Onunla söhbətimiz şərtlərə gətirib çıxardı. Ona dedim: “Mənə heç nə lazım deyil. Yalnız Tarasovka yataq yeri və qidalanma. Mən futbol oynamaq istəyirəm”. Bazaya Yaroslavl vağzalından elektrik qatarı ilə gəlirdim. İndiyə kimi Romantsevə minnətdaram. O, mənə böyük qəlblə yanaşırdı.

- Ancaq Moskvada elə də oynamadınız.
- Oynamadım. Vladiqafqaza heç təzminat ödənilmədən keçdim. Hər halda, bir “Spartak” digərinə kömək etməlidir. Mənim Osetin futbolu ilə romanım qol epizodu ilə bitdi. İşləri “qızıl oyun”un son saniyələrində korladım. Paltardəyişmə otağında yanımda Anatoli Kanişev oturmuşdu. Qazzayev bizə ağır baxışla göz gəzdirdi: “Bunu Kanişevə bağışlayardım. Ancaq sənə heç vaxt!”.

- Üzücüdür.
- Mən Osetiyada 6 il oynadım. Mənə hörmət həddən artıq idi. Vladiqafqaz mənim üçün ikinci vətən idi. Bu şəhərdə universiteti bitirmişəm. Respublikanın prezidenti Axsarbəy Qalazov mənə “Osetiyanın şöhrəti naminə” orden təqdim edib. Fikrimcə, həmin vaxt “Spartak”la oyunda topa dəysəydim, mənə ümumiyyətlə, heykəl qoyardılar və mən indiyə kimi Vladiqafqazda yaşayardım. Ah, uşaqlar... Sizə onu deyim ki, “Alaniya”nın rəhbərliyi 1996-cı ildə hər şeyi “qızıl oyun”a gətirməyə də bilərdilər. Xatırlayırsınız, “Spartak” bizə necə çatdı? “Torpedo”ya ilk hissədən sonra 1:3 hesabı ilə uduzurdu, sonradan 4:3 qalib gəldi. Sanki sehrli nəsə oldu.

- Sizin rəhbərlik də “sehrli şey” təşkil edə bilərdi?
- Mən də bunu deyirəm. Məsələni həll edə bilərdilər. Bəli, mən 6 ildə bir dəfə səhv etdim. Ancaq yalnız ölülər səhv etmir. Bəs komandanı nə qədər arxamca daşımışam? Yeri gəlmişkən, məni İspaniyaya buraxmadılar. Halbuki gözəl təklif almışdım. Hələ sonda məni paltardəyişmə otağı ilə müqayisədə daha güclü incitdilər.

- Bu haqda danışın.
- Kluba gümüş medal almaq üçün gəlmişdim. Mənə vitse-prezident onu cırılmış lentdə verdi. Bu zaman özümdən çıxdım: “Bu nədir? Doğrundanmı, belə şeyi haqq etdim?”.

- Medalı saxlamısınız?
- Təbii ki. Elə də cırılmış lentdə qalıb. Onu heç kimə vermərəm. Bu, istənilən halda, mənə qiymətlidir.

- Qazzayevlə həmin vaxtdan indiyədək görüşmüsünüz?
- Heç vaxt.

- Azərbaycan yığmasına qayıdaq. Bu komanda hansısa mötəbər turnirə düşəcək?
- Bu, çox çətin olacaq. Klublarda infrastruktur üzərində çoxlu işləmək lazımdır. İndi Bakıda, Lənkəranda çox yaxşı stadionlar tikilir. Hazırda söhbət meydançalarla bağlıdır. Sonrası görünəcək.

- Qəzetlərdə yazırlar ki, Rusiya yığması üzərində qələbəyə görə azərbaycanlı futbolçular 10 min avro mükafat alacaq. Bu, Azərbaycan futbolunun ölçüsündə böyük puldur?
- Futbolçular nə üçün oynadıqlarını bilməlidir. Ancaq hesab edirəm ki, belə komanda üzərində 10 min avro azdır. Bizdə klublarda yaxşı pullar verməyə başlayıblar. 10, 15 min avro məvacib var. Səviyyə qalxır.

- Rusiya ilə oyuna bilet neçəyədir?
- Orta hesabla 1 dollar. Respublika rəhbərliyi insanların futbola gəlməsi üçün hər şey edir. Söz verirəm ki, stadion dolu olacaq.

- Almaniya ilə oyuna da bilet 1 dollar idi?
- Bundan qat-qat baha idi.

- Azərbaycan yığmasının futbolçularından hansısa Rusiya Premyer Liqasında asanca oynayardımı?
- Hətta gənclər yığmasının da üzvləri oynayardılar. Rusiyalı məşqçilərdən kimsə mənə zəng edib, məsləhət alsaydı, mən hətta iki soyadı deyərdim. Bunlar Lixtenşteynə qol vuran gənc futbolçularımız Vaqif Cavadovla Elvin Məmmədovdur.