Berti Foqts: Azərbaycan pivəsi çox xoşuma gəlir - EKSKLÜZİV
15.10.2009 - 23:00
Berti Foqts: Azərbaycan pivəsi çox xoşuma gəlir - EKSKLÜZİV
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts apasport.az saytına eksklüziv müsahibə verib. 63 yaşlı almaniyalı mütəxəssis söhbətin əvvəlində dünya çempionatının seçmə qrup mərhələsinin son oyununda Rusiya ilə matç (1:1) barədə fikirlərini bölüşüb. Bundan başqa, Foqts digər məsələlərlə bağlı maraqlı açıqlamalar verib.

- Artıq Rusiya ilə qarşılaşmadan bir gün ötüb. Emosiyalarınız sakitləşib. Soyuq başla analiz etdikdə, bu görüş barədə nə düşünürsünüz?
- Mənə elə gəlir ki, komandam ruslara qarşı gözəl oyun nümayiş etdirib. Nəzərə almaq lazımdır ki, rəqibimiz dünyanın ən güclü yığmalarından biri idi. Mən ötən il Avropa çempionatında Rusiya komandasının güclü kollektivlərə qarşı oyununu izləmişəm. Biz Bakıda rusların öz oyunlarını göstərmələrinə imkan vermədik. Bu matçda heç-heçəyə layiq idi və əgər rəqib qapıçı İqor Akinfeyev komandasını 3 real qoldan xilas etməsəydi, qalib gələcəkdik. Əvvəllər biz qol buraxanda, yetirmələrim başlarını aşağı salırdılar, kefsiz oynayırdılar. Hannoverdə Almaniya ilə görüşü xatırlasaq, uduzmağımıza baxmayaraq, futbolçularımın hərəkətləri xoşuma gəldi. Çünki onlar qapılarında qol görsələr də, mənəvi cəhətdən yaxşı təsir bağışlayırdılar. Ruslarla qarşılaşmada da erkən qol buraxdıq. Amma yığmanın üzvləri ruhdan düşməyərək, öz oyunlarını göstərdilər, bərabərlik qolunu vurdular. Hətta bəxtimiz gətirsəydi, qələbə də qazanardıq. İndi oyunçularım yaxşı başa düşürlər ki, çoxlu məşq etdikdə ikinci hissədə də yorğunluq hiss olunmur və 90 dəqiqə ərzində yüksək səviyyəli mübarizə aparmaq mümkündür. Dörd günə iki rəsmi matç keçirdik. Təəssüf ki, azərbaycanlı futbolçular belə qrafikə öyrəşməyiblər. Biz məşqdə oyunçuları yormuruq. Hər məşq bir addım irəli atmaq deməkdir. Cavan futbolçular da bunu yaxşı başa düşürlər, nəticədə onlar özlərini göstərmək üçün yaşlı oyunçularla rəqabətə girirlər. Ruslarla görüşdə Rəşad Sadıqov, Saşa Yunisoğlu və Elnur Allahverdiyev forma geyinə bilmədi. Əvəzində, Ruslan Abışov əla oynadı. Bu isə o deməkdir ki, cavan futbolçular özlərini göstərmək istəyirlər və göstərirlər.

- 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması 5 xal topladı. Bu, nəticədən razı qaldınızmı?
- Neçə xal toplamağımız məni maraqlandırmır. Qabaqcadan da bilirdim ki, Azərbaycan komandasının bu qrupdan dünya çempionatına vəsiqə qazanmaq şansı yoxdur. Bizim oyunlarda səhvlər olmasaydı, daha yaxşı nəticələr əldə edərdik. Uelslə Bakıdakı görüşdə tək qapı oynadıq, amma buraxdığımız bir səhv ucbatından məğlubiyyətlə üzləşdik. Həmçinin, Lənkəranda Finlandiya ilə görüşdə də uduzmamalı idik. Yenə deyirəm, komanda cavanlardan təşkil olunub, beynəlxalq miqyasda təcrübələri çox deyil, yəni onlar səhv buraxa bilərlər. Rəqiblərimizdən biri Uels yığması aqressiv futbol oynayır. Bu komandanın hər bir üzvü ölkədən kənarda – İngiltərə Premyer Liqasında legioner həyatı yaşayır. Bundan başqa, Finlandiya yığmasının futbolçuları Avropanın güclü klublarının şərəfini qoruyurlar. Azərbaycan futbolçuları belə sürətli, aqressiv oynamağa öyrəşməlidirlər. Yaxın keçmişi xatırlasaq, Bəhreyn komandasını məğlub etmişik, Küveyt və İranla görüşlərdə qalib gəlməli idik. Futbolçularım öz sürətlərini rəqibə göstərə bilirlərsə, şanslar 50-50-yədir. Rəqib sürəti artıran kimi, futbolçularımız buna öyrəşməlidir. Ona görə də biz bəzən iki həftə əvvəldən təlim-məşq toplanışına başlayırıq. Bəhreyn yığmasının bizimlə görüşdə şansı yox idi. Əslində, onları 3:0 və ya 4:0 hesabı ilə məğlub etməli idik. Ancaq indi bu komanda dünya çempionatının pley-off mərhələsində Yeni Zelandiya ilə qüvvəsini sınayır. Coğrafi baxımından Azərbaycan Avropada yerləşir, bu səbəbdən Avropa futbolunun səviyyəsinə uyğunlaşmalıyıq.

- Əgər keçmişə qayıtmaq mümkün olsaydı, milli komandamıza rəhbərlik etdiyiniz son seçmə mərhələdə nəyi dəyişərdiniz?
- Heç nəyi. Ötən il qəbul etdiyim komandaya futbol komandası demək mümkün deyildi. Bu, yaşlı futbolçulardan təşkil olunmuş kollektiv idi. Sanki onlar yığışıb, öz aralarında oynayırdılar. Hazırda biz vahid komanda qurmuşuq. Vadutsda Lixtenşteyn yığmasının qapısından birinci topu keçirəndə, elə bil yetirmələrimin çiynindən yük götürüldü. Mən belə sevinc hisslərini indiyədək görməmişdim. “İnter” klubun baş məşqçisi Kaxaber Sxadadze ilə Cavid Hüseynov barədə söhbət etmişəm. Cavidin hazırlıq səviyyəsi məni qane etmir, onun fiziki formasında eniş hiss olunur. Sxadadzeyə bildirdim ki, Hüseynovun gələn dəfə milli komandaya çağırılmaması ehtimalı var. Buna görə də o, məşqlərdə öz üzərində çalışmalıdır ki, növbəti dəfə yığmaya dəvət alsın. Məşqdə görünür ki, Cavidin gözəl sürəti, bədəni var, amma texnikası çatışmır. Bu nöqsanı özü aradan götürməlidir. Lazım olsa, Cavid məşqə yarım saat tez gəlməli, zəif cəhətlərini aradan qaldırmaq üçün məşqçisi ilə söhbət etməlidir.

- Oktyabrın 14-də bizi yığmamızın oyuna köklənməsi həqiqətən də təəccübləndirdi. Gərək rəqib Rusiya olsun ki, futbolçularımızda belə motivasiya yaransın? Başqa matçlara da yaxşı köklənə bilmərik?
- Almaniya, Uels, Finlandiya ilə Lənkərandakı görüşdə motivasiya yüksək səviyyədə idi. Buradakı oyunlardan yalnız birində bir hissə zəif nəzərə çarpmışıq. Bu da Bakıda Lixtenşteynlə qarşılaşmaya təsadüf edib. Əslində, komanda hesabda öndədirsə, 70-ci dəqiqədən sonra özündə daha çox top saxlayır, qısa ötürmələr verir, tempi aşağı salmağa çalışır. Amma cavan komanda yenə qol vurmaq istəyir. Elə bu səbəbdən Lənkəranda finlərə uduzduq. Rusiya ilə matçda da mən yalnız müdafiədə oynamağı yox, irəli atılmağı, gözəl kombinasiyalar qurmağı tapşırmışdım. Görüşün gedişində kapitan Samir Abbasovla tez-tez əlaqədə idim. Ona bildirirdim ki, topu saxlayın, müdafiədə oynayın, həm də hücum qurmaq lazımdır, lakin kombinasiyalı həmlə. Güclü komandalar bir hücumla oyunun taleyini həll etməyi bacarırlar.

- Ruslarla matçın birinci hissəsində tribunada azarkeşlər arasında dava düşdü. Bu zaman futbol arxa plana keçmişdi, hamının diqqəti məhz o tribunaya yönəlmişdi. Öyrənmək istərdik ki, sözügedən hadisə sizi fikrinizdən yayındırdımı? Ümumiyyətlə, bu olayın nəticəyə təsiri oldumu? Bu cür hadisələr münasibətiniz necədir?
- Ağıllı insanlar belə etməz. Onlar futbolu sevmirlər, bu idman növünün fanatı deyillər. Bildiyimə görə, bu hadisə rusiyalıların təxribatı üzündən baş verib. Biz FİFA-nın cəzasına hazır olmalıyıq. Stadion da cərimələnə bilər, bizim evdə oynamağımıza qadağa da qoyulması mümkündür. Əlbəttə, ruslar da cərimələnəcəklər. Belə insanları stadiona buraxmaq düzgün deyil.

- Sizi ən çox hücumçu Daniel Axtyamova görə tənqid edirlər. Bəzən nəticələr də unudulur və sırf Axtyamovun ucbatından tənqid atəşinə tutulursunuz. Gəlin etiraf edək ki, Axtyamov həqiqətən də zəif oynayır. Onun məhsuldar ötürməsi, güclü zərbələri yoxdur. Bu futbolçu seçmə mərhələdə heç nə ilə yadda qalmadı. Sizə elə gəlmir ki, Axtyamovu tənqid etməyə əsas var?
- Yox. Hücumda Axtyamova alternativ kimdir? Bizə uzun boylu hücumçu lazımdır. Bu fikirlə razıyam ki, Daniel öyrənməli, indi göstərdiyi oyunla daha yaxşı çıxış etməyə hazır olmalıdır. Ona qarşı haqsızlıq da olub. Danielin ən böyük tənqidçisi mənəm.

- Axtyamova qarşı jurnalistlər haqsızlıq ediblər?
- Bəli. Haqsızlıq olduqda futbolçu bunu hiss edir. Məncə, bu düzgün deyil. İnanıram ki, Danieli görmək istədiyimiz səviyyəyə yüksəldə biləcəyik. Ancaq sözsüz ki, o, xüsusilə topsuz çalışmalara fikir verməlidir.

- Təkcə jurnalistlər yox, futbol ictimaiyyətinin bəzi üzvləri Axtyamovun milli komandaya özbaşına gəlmədiyini düşünürlər. Doğrudanmı, onun yığmaya çağırılmasında kənar qüvvələrin təsiri olub?
- O, milli komandaya ayrı cür necə gələ bilər ki? Beynəlxalq futbolda belə güclü hücumçuya – rəqibi “bağlaya” bilən, topu bədəni ilə qəbul edən futbolçuya ehtiyac var. Mən sizinlə razıyam ki, həqiqətən də Daniel topsuz epizodlarda özünü daha çox göstərməli idi. Almaniyada Mario Qomeş, Miroslav Kloze, İngiltərədə Piter Krauç futbol oynaya bilmirlər. Amma komandaya Qomeş, Kloze, Krauç kimi oyunçu vacibdir. Belə hücumçulara ötürmə verəndə, bədəni ilə topu saxlayır, rəqibə qarşı “korpus” qoyur. Oktyabrın 14-də gördünüz ki, rusların heyətində hündür futbolçular oynaya bilmirdilər. Amma belələri komanda üçün böyük əhəmiyyət kəsb edirlər. Təbii ki, Daniel səviyyəsini yüksəltməlidir. Almanlarda bir misal var. Elə dediyim kimi yazın: onun dalına təpik vurmaq, qaçırtmaq lazımdır ki, oynasın. Mən özüm də buna hirslənirəm. Məşqdə görürəm ki, o, həddən artıq ləng tərpənir. Ona qaçmaq lazım olduğunu, daima hərəkət etməyin vacibliyini deməkdən yorulmuşam.

- Demək olarmı ki, sizi azərbaycanlı futbolçulardan ən çox əsəbiləşdirən Axtyamovdur?
- Yox, mən onu çox əsəbiləşdirmişəm. Bizdə onun vəziyyəti çox çətindir. Çünki az hərəkət edir, lakin yaxşı potensialı var. Allah ona belə boy-buxun verib, bundan yararlanmalıyıq. Məşqdə hərdən çox yaxşı təsir bağışlayır. Qapıçı ilə təkbətək çıxır, “çərçivə”yə elə zərbə endirir ki, top az qala toru cırsın. Lakin rahatlığı çox sevir.

- Siz azərbaycanca “salam”dan başqa söz bilirsiniz?
- Küveytdə işləyərkən, ərəb dilini öyrənməyə başladım. Vurğuları çox pis işlətdiyimdən, qısa müddətdən sonra tərcüməçim mənə dedi ki, ərəb dilini öyrənmək daha lazım deyil. İndi burada tərcüməçim mənə bir neçə söyüş öyrətməlidir. O, mənə pis sözlərdən ibarət siyahı versə, yaxşı olar. Çünki yaxşı sözlərlə irəli getmək çətindir. İnsan rahatlığı sevən məfhumdur. Buna görə də bəzən kobud sözlər işlətmək lazımdır.

- Şotlandiya və Nigeriyadakı ilə müqayisədə, Azərbaycanda işləmək çətindir, yoxsa...?
- Şotlandiya və Nigeriyanı Azərbaycanla müqayisə etmək olmaz. Bunlar futbol ölkələridir. Həm Şotlandiya, həm də Nigeriyanın futbol ənənələri var. Şotlandiyanın “Seltik”, “Qlazqo”, “Aberdin” klubları avrokuboklarda yarışırlar. Mən Şotlandiyanın baş məşqçisi təyin olunan kimi cavanlaşdırma siyasətinə başladım. Bu ölkənin futbol tarixində yeganə məşqçi idim ki, yığmanı dünya çempionatının pley-off mərhələsinə çıxardım. Nigeriya isə... (bir qədər düşünür). Fikrimcə, Braziliyadan sonra dünyanın ən yaxşı futbolçuları Nigeriyadadır. Ancaq bu ölkədə yeganə problem Nigeriya Futbol Federasiyası ilə bağlıdır. Əgər AFFA-nı Nigeriyaya köçürsək, Nigeriya Futbol Federasiyasının AFFA-dakı kimi baş katibi olsaydı, sizə söz verirəm ki, gələn dünya çempionatının yarımfinalına qədər irəliləyərdik. Nigeriya futbolunda təşkilatçılıqla bağlı böyük problem var. Futbolçuların maaşlarını, otellərin pulunu vaxtında vermirlər. Hətta bir dəfə belə hadisə oldu ki, məşqə gəldik, top isə yox idi.

- Rusiya ilə oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev də paltardəyişmə otağına girərək, yığmanın futbolçularını təbrik etdi. Bu qarşılaşmadan sonra assosiasiya rəhbərliyi ilə müqaviləniz barədə söhbət olubmu?
- Oyundan sonra müqavilə məsələsi müzakirə edilmir. Bunun üçün vaxt, sakit məkan lazımdır. AFFA rəhbərliyi də, mən də, başqa komandalar da bilirlər ki, müqaviləm başa çatmaq üzrədir. Rusiya ilə görüşdə Azərbaycan xalqı, futbol azarkeşləri, AFFA prezidenti Rövnəq Abdullayev sevinməli idi. Çünki ruslarla matçda Azərbaycan xalqı meydanda idi.

- AFFA ilə müqavilə məsələsinin müzakirəsi nə vaxta planlaşdırılıb: Dubay turnirindən əvvəl, yoxsa sonra?
- Bu yaxınlarda nə vaxt görüşsək söhbət aparacağıq. Dostlarla görüşmək üçün xüsusi hazırlığa ehtiyac yoxdur.

- Dubay turnirinin tarixi, reqlamenti, rəqiblərimiz dəqiqləşib?
- Yarış noyabrın ortalarında keçiriləcək. Bizdən başqa, İraq, Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri qələbə uğrunda mübarizə aparacaq. Öncə hər komandanın 3 oyun keçirməsi nəzərdə tutulmuşdu. Sonra reqlament dəyişdi və turnirdə 2 görüşə çıxacağımız bildirildi. Dubaydakı qarşılaşmaları dünya çempionatının pley-off oyunları günü keçirəcəyik.

- Dubayda təlim-məşq toplanışının təşkil olunmasında əsas məqsəd nədir?
- Mən Bəxtiyar Soltanovu sınamaq istəyirəm. Çünki bizə sürətli hücumçu lazımdır. Bəzi futbolçuları ehtiyatda saxlamışam. Onların Premyer Liqanın növbəti turunda necə oynayacaqlarına fikir verəcəyəm. Məncə, Rəşad Sadıqovun zədəsi Dubay turnirinə qədər sağalmayacaq. Onun yaşıl meydanlara qayıtması üçün ən azı səkkiz həftəyə ehtiyac var. O, ilk dəfə zədələnəndə buna ciddi fikir verməyib. İndi Rəşad düz yeddi həftə sırf müalicə almalıdır.

- Azərbaycandan Almaniyaya getdikdə nə hədiyyə alırsınız?
- Mən Almaniyaya qayıdarkən ürəyimdə hədiyyə aparıram. İnsanlara, şəhərə görə həqiqətən də sevinirəm. Hər dəfə buraya gələndə, ölkənin necə inkişaf etdiyinin şahidi oluram. Bütün bunları ürəyimdə Almaniyaya apararaq, oradakı insanlara danışıram.

- Azərbaycan dilini və himnini öyrənmək fikriniz varmı? Bir də yığmada 3 futbolçu – Vladimir Levin, Aleksandr Çertoqanov və Daniel Axtyamovun himnimizi oxumamasına münasibətiniz necədir?
- Bu, hər kəsin şəxsi işidir. 96 dəfə Almaniya milli komandasının formasını geymişəm, amma bir dəfə də olsun himn oxumamışam. Adlarını çəkdiyiniz futbolçularla söhbət etmişəm. Bildirmişəm ki, çörəyini yediyiniz ölkənin himnini oxumaq vacib şərtdir. Azərbaycan dilini və ya himnini gəlincə, qorxuram ki, burada da Küveytdəki kimi olsun. Vurğuları səhv deyib, danışa bilməməkdənsə, danışmamaq məqsədə uyğundur.

- Sonda futboldan kənar daha bir sual vermək istəyirik. Azərbaycan mətbəxi ilə bağlı probleminiz yoxdur ki? Ümumiyyətlə, hansı xörəklərimizi xoşlayırsınız?
- Yaxşı mətbəxiniz var. Xüsusilə, qoyun ətindən bişirilmiş xörəyi, istiotlu təamları bəyənirəm. Həm də Azərbaycan pivəsi çox xoşuma gəlir.
0