“Əvvəlki “Olimpik”dən indi əsər-əlamət qalmayıb” - MÜSAHİBƏ
20.10.2009 - 23:03
“Əvvəlki “Olimpik”dən indi əsər-əlamət qalmayıb” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Cari mövsümdən məşqçiliyə başlamısınız. Özünüzü yeni vəzifədə necə hiss edirsiniz?
- Şükür Allaha, hər şey yaxşıdır. Lazım olan şeyləri yavaş-yavaş öyrənirəm. Baş məşqçimiz Ağasəlim Mircavadov mənə hər bir işdə köməklik edir. Əvvəldən də demişdim ki, birdən-birə məşqçiliyə başlamaq istəmirəm. Hər bir şeyə tədricən yiyələnmək lazımdır.

- İndi görürsünüz ki, meydandan kənarda, yəni məşqçilər korpusunda, ehtiyat oyunçular skamyasında yer alanlar hansı hissləri keçirir. Futbolçu və məşqçilikdə olan bu gərginliyi müqayisə edəndə hansı qənaətə gəlirsiniz?
- (gülür) Vallah, mənim üçün hər ikisi eynidir. Ancaq əlbəttə ki, məşqçilik işi də çətindir. Hələ futbol oynadığım dövrdə ehtiyatda oturanda, yaxud zədə üzündən qıraqda qalanda komandaya olan məhəbbət adamı istər-istəməz çox həyəcanlandırır. Bu həyəcan, hiss sözlə ifadə olunası deyil. Sözsüz ki, hər bir məşqçi komandasının uğur qazanmasını, nəticə əldə etməsini istəyər. Amma gərginlik həddən artıq çoxdur. Çünki özüm də futbolçu olmuşam, meydanda nələr baş verdiyini bilirəm. Kənardan görəndə ki, futbolçu həmin vəziyyətə düşür, istər-istəməz həyəcan daha da çoxalır (gülür).

- Bu gün sabiq komandan “Olimpik-Şüvəlan”ın qonağı olacaqsınız. Ümumiyyətlə, futbolçu karyeranız dövründə keçmiş komandalarla oyunlar öncəsi əhval-ruhiyyəniz necə olub?
- Ümumiyyətlə, elə şeylərə heç vaxt önəm verməmişəm. Həyatım boyu heç vaxt belə şey istəməmişəm. Həmişə irəliyə baxmışam ki, nəsə bir inkişaf olsun. Düşünməmişəm ki, kiməsə nəyisə sübut edim. Yox, belə şey fikrimdən keçmir. Bir komandadan digərinə keçmək o qədər çox olur ki... Yəni mən o qisas hissi ilə yaşamamışam. Həmin vaxtda hansı klubda olmuşamsa, onun şərəfini layiqincə qorumaq istəmişəm. Hansı klubla müqaviləni bağlamışamsa, öz işimi yerinə yetirmişəm.

- Amma razılaşaq ki, “Olimpik-Şüvəlan”ın bu səviyyəyə çatmasında rolunuz danılmazdır. Komandanın lideri olmusuz, kapitan sarğısı sizə etibar edilib. O vaxt “Olimpik” adlanan komandanı arxanızca daşımısınız, futbolçu karyeranızı bu klubda bitirmisiniz. Yəni, bu komanda ilə görüş sizin üçün adi bir oyun ola bilməz...
- Düzdür, bir az fərq var. Amma yenə də deyirəm ki, mənim üçün “Olimpik” dönəmi artıq keçmişdə qalıb. Yəni, artıq keçmişi unutmuşam. İnanırsınız ki, “Xəzər-Lənkəran”a keçəndən sonra işim-peşəm ancaq yazı-pozudur. Məşqləri təhlil edirəm. Ağasəlim müəllimin metodları, müəyyən informasiyalar var. Keçirilən iclaslarda özüm üçün qeydlər aparıram. 2004-cü ilin yayında Ukraynadan “Karvan”a gəldim. O da yeni yaranmış bir komanda idi. “Karvan”da çıxış edən ilk futbolçulardan olsam da, sonda mənə heç “sağ ol” deyən olmadı. Minnətdarlıq etməyib, yola saldılar. Heç demədilər ki, çox sağ ol, komanda üçün iki il zəhmət çəkdin. Bir sözlə, hər nə olubsa, artıq keçmişdə qalıb. Hansı komandada xoş sədam, izim qalıbsa, buna sevinirəm. “Olimpik”ə ən ağır dönəmində gəldik. Tək mən deyildim, mənim kimi o qədər futbolçu, habelə məşqçilər vardı. Əl-ələ verib, yeni komanda yaratdıq. Bu komanda ötən il çempionluğu son anda əldən verdi, “İnter”lə 1-2-ci yerləri bölüşdürdü. Sonrakı illərdə nə baş verdiyini bilmirəm. Mənim üçün bugünkü “Xəzər-Lənkəran” vacibdir və bu komandanın nailiyyəti üçün əlimdən gələni edirəm. “Olimpik”, yaxud başqa komanda olursa-olsun, bu, artıq mənim üçün tarixdə qaldı.

- “Olimpik”i yaxşı tanıdığınızı nəzərə alsaq, baş məşqçinizə məsləhət verə bilərsinizmi, yoxsa buna ehtiyac yoxdur?
- Ağasəlim müəllimin özünün təcrübəsi yetərincədir. Buna ehtiyac yoxdur ki, yeni məşqçiliyə başlamış Tərlan Əhmədov Mircavadova hansısa məsləhət versin. Allaha şükür, Ağasəlim müəllim özü hamımıza məsləhət verir. Bütün komandalarımızı tanıyır və ona məsləhət verməyə ehtiyac yoxdur.

- Keçmiş komandanızın əvvəlki gücdə olmaması “Xəzər-Lənkəran”a sabahkı görüşdə qələbə qazanmağa kömək edə bilərmi?
- Bilirsiniz, mən həmişə demişəm ki, futbolda kimsə bu oyunu udacağını, yaxud favorit olduğunu deyə bilməz. Bəli, ola bilər ki, “Xəzər-Lənkəran” hansısa səviyyəsinə görə “Olimpik-Şüvəlan”dan üstündür. Amma futbolda əvvəldən heç kim mütləq şey deyə bilməz. 1998-ci ildə dünya çempionu olan Fransa yığması növbəti mundialda qrupdan çıxa bilmədi, yeri gələndə heç qol da vura bilmədi. Yaxud Türkiyə yığmasının çıxışını götürək. Yəni bu, futboldur və orada elə möcüzələr baş verir ki, bunu heç kim ağlına gətirməz. Sadəcə, zəif komanda yox, zəif hazırlıq söhbəti ola bilər. Baş məşqçimiz də həmişə deyir ki, komanda hər bir oyuna maksimal hazırlaşıb, qələbə qazanmağa çalışmalıdır. Kimin qalib gələcəyi isə artıq 90 dəqiqədən sonra bəlli olacaq.

- “Olimpik”in “Xəzər-Lənkəran”la görüşləri həmişə gərgin, maraqlı mübarizə şəraitində keçib. Hələ siz oynadığınız dövrdə “Olimpik” indiki komandanıza üç ilə yaxındır qol vura bilmir, ümumiyyətlə, çempionatda onu yenə bilməyib. Sizcə, bu, nəyin göstəricisidir? Ümumiyyətlə, statistika məqamlara önəm verirsinizmi?
- Yox. Əvvəl dediyim kimi, bütün bunlar keçmişdə qalıb və indi gələcəyə ümidlə baxmaq lazımdır. Ola bilər ki, bir-iki il hansısa oyunda nəticə oldu, qol vurulmadı. Amma yenilikdə bir də görürsən elə bir möcüzələr baş verir ki... Marafon uzundur, bu gün keçmişi yada salıb, hansısa şeyə xüsusi önəm verməməliyik. Olan oyunumuzu və inkişafı düşünməliyik.

- Hər halda, rəqibi də izləyib, təhlil etməlisiniz. “Olimpik-Şüvəlan” cari mövsümdə necə təsir bağışlayır? Yəni siz qoyduğunuz iz varmı?
- Yox. Bunu açıq deyə bilərəm. Ümumiyyətlə, bundan əvvəlki komandadan əsər-əlamət yoxdur. Orada nə kollektiv var, nə də bir şey, heç nə yoxdur. Yəni, Azərbaycanda yaradılmış gözəl bir komandadan artıq əsər-əlamət yoxdur.