Püşk “İnter”lə “Simurq”u üz-üzə qoydu
03.11.2009 - 14:17
Püşk “İnter”lə “Simurq”u üz-üzə qoydu
Bu gün AFFA-nın inzibati binasında “Kapital Bank U-15 liqa”nın püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq klubların və media nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə assosiasiyanın baş katibi Elxan Məmmədov çıxış edib. O, 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ötən il keçirilən çempionata toxunaraq, klublarının sayının artdığını bildirib. Bu dəfə yarışda 17 yox, 19 kollektiv oynayacaq.

Kapital Bankın Strateji İnkişaf və Marketinq Departamentinin direktor müavini Nazim Səfərov təmsil etdiyi bankın AFFA ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini, “Kapital Bank U-15 liqa”da oynayacaq uşaqlar arasında istedadlı futbolçular yetişəcəyinə ümidvar olduğunu bildirib.

Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Təşkili Şöbəsinin rəhbəri Bəhruz Əsgərov püşkatma ilə bağlı məlumat verdikdən sonra püşk atılıb. Püşk ərəfəsində komandalar 3 yerə bölünüb. “Bakı”nın iki komandası – 1995-ci və 1996-cı il təvəllüdlülərinin eyni qrupa düşməməsi üçün onların ikisi 1 səbətə yerləşdirilib. Paytaxt klublarının qruplar üzrə paylaşmasını təmin etmək üçün Bakı təmsilçiləri, həmçinin oyunlarını paytaxtda keçirəcək “Muğan” ikinci səbətdə qərarlaşıb. Əyalət klubları isə üçüncü səbətdən çıxarılıb.

Püşkün nəticələrinə əsasən, noyabrın 12-də keçiriləcək birinci turda aşağıdakı cütlüklər qarşılaşacaq:

A qrupu
“Bakı-2” – “Xəzər-Lənkəran”
“Olimpik-Şüvəlan” – “MKT-Araz”
“Sülh” – “Standard”
“İnter” – “Simurq”
“Neftçi İSM” – “Muğan”

B qrupu
“Təhsil” (Bakı) – “Təhsil” (Sumqayıt)
“Qarabağ” – “Qəbələ”
“Vətən” – “Karvan”
“Neftçi” – “Turan”
I turda B qrupunda “Bakı-1” komandası istirahət edəcək.