“Neftçi”nin futbolçusundan iddialı açıqlama: Qoy, “Xəzər-Lənkəran” bizdən çəkinsin
07.11.2009 - 12:42
“Neftçi”nin futbolçusundan iddialı açıqlama: Qoy, “Xəzər-Lənkəran” bizdən çəkinsin
“Xəzər-Lənkəran”la indiyədək keçirilən bir neçə oyunda “Neftçi”nin qapısını qorumuşam. Lənkərandakı qarşılaşmalardan birində qalib də gəlmişik”. Apasport.az-ın məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Vladimir Miçoviç deyib.

Azərbaycan Premyer Liqasının X turunda sabah “Xəzər-Lənkəran”la prinsipial oyuna çıxacaq paytaxt təmsilçisinin serb qapıçısı oyunla bağlı fikirlərini flaqmanın rəsmi saytına açıqlayıb. O, səfərdən 3 xalla dönəcəklərinə inanır: “Qarşıdakı oyunda da qələbə qazanacağımızı düşünürəm. Çünki hazırda komandamızda qələbə ruhu var”.

“Neftçi”nin türkiyəli müdafiəçisi Suat Usta isə lənkəranlı azarkeşlərə ilişib: “Lənkəranda stadiona çoxlu sayda azarkeşin gəldiyini bilirəm. Amma futbolu fanatlar yox, futbolçular oynayır. Allahın köməyi ilə qalib gələcəyik və bütün azarkeşlərə sübut edəcəyik ki, bugünkü “Neftçi” istənilən rəqiblə səfər meydançasında da mübarizə aparmağa qadirdir”.

Azərbaycan milli komandasının gənc müdafiəçisi Ruslan Abışov daha iddialı danışıb. O, “Xəzər-Lənkəran”ın “Neftçi”dən çəkinməli olduğunu düşünür: “Səfərdə oynamağımızın mənim üçün elə bir önəmi yoxdur. Qoy, rəqib bizdən çəkinsin. Əsas məqsədimiz qələbə qazanmaqdır. İnşallah, buna nail olacağıq”.

“Neftçi”nin estoniyalı futbolçusu Dmitri Kruqlov isə fədakarlığın zəruriliyini düşünür: “Bilirik ki, çətin oyun olacaq. Bununla belə, çalışacağıq ki, 100 yox, 120 faiz gücümüzü qoyub qələbə qazanaq”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” - “Neftçi” matçı sabah saat 17:00-da start götürəcək.