Berti Foqtsdan qisas almaq istəyən kimdir?
16.11.2009 - 16:21
Berti Foqtsdan qisas almaq istəyən kimdir?
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil edilən beynəlxalq turnir çərçivəsində noyabrın 18-də Azərbaycan milli komandasının rəqibi olan Çexiya üçün yığmamızın baş məşqçisi Berti Foqts qeyri-münasib mütəxəssisdir. Apasport.az saytının məlumatına görə, çexlər 15 illik müstəqillik dönəmində Avropa çempionu tituluna ən yaxın olduğu vaxt məhz almaniyalı çalışdırıcı qarşısında aciz qalıb. Belə ki, Foqtsun rəhbərlik etdiyi Almaniya komandası 1996-cı ildə keçirilən qitə çempionatının finalında Çexiya yığmasını qızıl medala həsrət qoyub. 13 il sonra 63 yaşlı mütəxəssisdən qisas almağa çalışacaq rəqibimiz tarixində ilk dəfə Azərbaycan yığması ilə üz-üzə gələcək.

Əslində, Çexiya futbol yığmasının tarixi uzaq 1903-cü ildən başlayır. Həmin vaxt Bohemiya milli komandası macarlarla qarşılaşmışdı. Lakin müxtəlif adlarla (daha çox Çexoslovakiya kimi) beynəlxalq səhnəyə çıxan çexlər yalnız 1993-cü ildən indiki komandanın təməlini qoyublar. Birləşmiş ölkənin parçalanması Çexiya yığmasının yenidən yaranmasına səbəb olub. Yeni komandanın debütü 1994-cü ildə - fevralın 23-də İstanbulda gerçəkləşib. Türkiyə yığmasının qonağı olan çexlər səfərdə inamlı qələbə qazanıblar - 4:1. Tarixə böyük hesablı qələbə ilə başlayan rəqibimiz sonrakı 15 ildə 5 dəfə mötəbər turnirlərin final mərhələlərinə qatılıb.

Yalnız bir dəfə - 2006-cı ildə dünya çempionu adı uğrunda final mərhələsinədək irəliləyən çexlər həmin yarışdan uğursuzluqla dönüb. Komanda İtaliya və Qana ilə mübarizə apardığı qrupdan çıxa bilməyib. Əvəzində son 4 qitə çempionatı çexlərsiz keçməyib. Rəqibimiz Slovakiyadan ayrıldıqdan sonra baş tutan 4 Avropa çempionatının hamısında final mərhələsində çıxış edib. 1996-cı ildə onları yalnız finalda dayandırmaq mümkün oldu ki, bunu da Foqtsun çalışdırdığı Almaniya bacarıb. Patrik Berqerin qolundan sonra hesabda geri düşən almanlar Oliver Birhoffun dublu sayəsində qızıl medallara sahib çıxıb. Həmin matçın daha bir iştirakçısı Vladimir Şmitser indi də Foqtsun rəqibi olacaq. O, komandanın meneceri kimi BƏƏ-yə yollanıb.

Avro-2000-nin final mərhələsində oynayan çexlər qrup mərhələsini adlaya bilməyiblər. Onları Fransa və Hollandiya yığmaları mübarizədən kənarlaşdırıblar. Beş il əvvəl isə yalnız yarımfinalda yunanlara uduzan rəqibimiz Avropa çempionatının bürünc mükafatçısı olub. Avro-2008-də isə onların qarşısına Türkiyə yığması sədd çəkib. Qrup mərhələsinin sonuncu - həlledici oyununun son 15 dəqiqəsində 3 qol vuran türklər çexləri qrupda saxlayıblar.

Çexiya yığması milli komandamızla oyuna qədər 184 matç keçirib. Onlar 110 qələbə qazanıb, 38 heç-heçə edib və 36 dəfə uduzub. Top fərqi də çexlərin xeyrinədir - 365:157. Rəqibimizin oyun sayında rekordçusu Karel Poborski 118 matçda meydana çıxıb. Onun kimi digər rekordçu - 55 dəfə qol sevinci yaşayan Yan Koller də artıq komandasına kömək etmir.

Hazırda Çexiya yığmasını çalışdıran Mihal Bilek milli komandanın sayca 8-ci məşqçisidir. Maraqlıdır ki, bunların yarısı bu il komandaya rəhbərlik edib. Çexlərin uğurları isə Duşan Uhrin və Karel Brüknerin adı ilə bağlıdır. Uhrin həm Avropa çempionatındakı gümüş, həm də 1997-ci ildə qazanılan Konfederasiyalar Kubokunun bürünc mükafatı ilə öyünə bilər. Hamıdan çox - 8 il postunu heç kimə verməyən Brükner isə Avropa çempionatındakı bürünclə təsəlli tapır. Rəqibimiz tarixində ən böyük hesablı qələbəni 4 il əvvəl Brüknerin dövründə qazanıb. Bu nəticə San-Marino ilə oyunda qeydə alınıb - 8:1. Ən acınacaqlı məğlubiyyət isə 1994-cü ilə - İsveçrə ilə matça təsadüf edib (0:3). Uhrin dönəmindəki bu nəticə çexlərin tarixində yeganə böyük hesablı məğlubiyyətdir.

Qeyd edək ki, Azərbaycan - Çexiya görüşünün start fiti noyabrın 18-də saat 16:45-də çalınacaq.
0