“Süni örtüklü meydanda oynamaq bizə əlavə çətinlik törədirdi”
06.12.2009 - 21:00
“Süni örtüklü meydanda oynamaq bizə əlavə çətinlik törədirdi”
“Çətin oyun oldu. Süni örtüklü meydançalarda oynamağa öyrəşməmişik. Bu bizə əlavə çətinlik törədirdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “İnter”lə oyundan sonra “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Ölkə çempionatının XIII turunda rəqib meydanında lider “İnter”lə heç-heçə oynayan cənub təmsilçisinin çalışdırıcısı bildirib ki, qarşılaşma süni örtüklü meydanda keçirildiyindən honduraslı hücumçu Allan Lalini ehtiyatda saxlayıb: “Bu səbəbdən onu meydana buraxmadım. Meydança süni örtüklü olduğundan burada daha çox yerlə oynamaq lazımdır. Allan isə əsasən ikinci mərtəbədə daha fəaldır. Növbəti oyunlarda ona mütləq şans verəcəm”.

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze isə oyundan razı qaldığını söyləyib: “Bugünkü oyundan razı qaldım. Futbolçularımın hamısına təşəkkürümü bildirirəm. İlk hissədə hesabda geriyə düşsək də, özümüzdə güc tapıb, bərabərlik qolunu vurduq. Qələbə qazanmadığımız üçün təəssüflənirəm".

Xatırladaq ki, “İnter” – “Xəzər-Lənkəran” oyunu heç-heçə başa çatıb – 1:1.
0