Pələng ili və Azərbaycan futbolu
30.12.2009 - 14:24
Pələng ili və Azərbaycan futbolu
Öküz ili olan 2009 finiş xəttinə yaxınlaşıb. Şərq təqvimi ilə rəmzi pələng olan 2010-cu il isə qapını döyür. Azərbaycan futbolu daha bir ili yola salaraq, digərinə “xoş gəldin” deyir. Maraqlıdır, Pələng ili futbolumuza düşərli olacaqmı? Bu heyvan üzərində təhvil olunan illərdə hansı uğurlarımız, yadda qalan olaylar olub?

Futbolumuzun tarixi 1911-ci ildən başlasa da, ilk iki Pələng ilində (1914 və 1926-da) ciddi bir şey olmayıb. Hər halda, həmin vaxt bir nömrəli idman növündə ilk addımlarımızı atırdıq. Azərbaycan komandasının SSRİ çempionatının güclülər dəstəsində ilk təmsil olduğu il məhz Pələng ili olub. Söhbət heç də “Neftçi”dən yox, “Temp” klubundan gedir. Bu klub 1938-ci ildə 26 komanda arasında 19-cu yeri tutub. “Neftçi” isə həmin il SSRİ çempionatında təmsil olunmayıb. SSRİ kuboku uğrunda mübarizə aparan “ağ-qaralar” 1/64 finala kimi irəliləyib.

Növbəti Pələng ili “Neftçi” üçün uğursuz olur. 1950-ci ildə 19 komanda arasında sonuncu yeri tutan flaqman SSRİ çempionatının güclülər dəstəsini tərk edir. Komandamız bura çıxandan sonra ilk dəfə aşağı yuvarlanır. “Neftçi” SSRİ kubokunda 1/32 finala yüksələ bilib.

1962-ci ili “Neftçi” üçün uğurlu saymaq olar. Belə ki, komanda tarixində birinci dəfə yüksək liqada ilk “onluq”da sonuncu yeri tutur. Həmin Pələng ilində SSRİ kubokunda 1/16 finala kimi irəliləmək mümkün olur.

Sonrakı Pələng ilində “Neftçi” artıq SSRİ çempionatının birinci dəstəsində çıxış edirdi və mövsümü 5-ci yerdə bitirmişdi. “Ağ-qaralar”ın 1974-cü ildə əsas təsəllisi SSRİ kubokunda 1/8 finala kimi irəliləmək olur. Göründüyü kimi, bu turnir flaqman üçün Pələng illərində düşərli olur və hər dəfə əvvəlki nəticəni daha da yaxşılaşdıra bilib.

1986-cı ildə “Neftçi” SSRİ çempionatının güclülər dəstəsini 13-cü yerdə başa vurur, SSRİ kubokunda 1/16 finala çıxır. Əslində, bu yazıda daha çox “Neftçi”dən danışmağımız əbəs deyil. Hər halda, Azərbaycan futbolundan söhbət düşəndə öncə “Neftçi” yada düşür.

1937-ci ildə yaradılan “Neftçi” adlı-sanlı klubumuzdur. Ancaq 1986-cı ildəki Pələng ilində digər komandamız olan “Kəpəz” da öz sözünü deyib. SSRİ çempionatında 9-cu zonanın qalibi kimi final mərhələsinə çıxan gəncəlilər birinci dəstəyə çıxmaq şansından yararlana bilmirlər.

Nəhayət, son Pələng ili artıq müstəqillik dövrümüzə təsadüf edir. Ancaq 1998-ci ili də futbolumuz üçün uğursuz saymaq olar. Ən azı ona görə ki, milli komandamız tarixində ən acınacaqlı məğlubiyyətlərdən olan “Vaduts faciəsi” həmin vaxt olub. Yığmamız 1998-ci ilin oktyabrın 14-də səfərdə Lixtenşteyn yığmasına uduzmaqla (1:2) futbol tariximizə “qara ləkə” salır. Bu, “cırtdan ölkə”nin təmsilçisinin tarixində ilk rəsmi qələbəsi kimi tarixə düşür.

Elə klublarımız da son Pələng ilində böyük uğursuzluğa düçar olur. “Kəpəz” Çempionlar Liqasında, “Qarabağ” Kuboklar Kubokunda, “Dinamo” UEFA kubokunda keçirdiyi hər iki oyunda uduzur. Yalnız “Bakı fəhləsi” İntertoto kubokunda Litvanın “İnkaras” klubu ilə görüşdə (0:1 və 1:0) mərhələ adlamağa çox yaxın olsa da, Bakıda oyun sonrası penalti zərbələrində rəqibinə yenilir. Yeri gəlmişkən, artıq tarixin yaddaşına köçən İntertotoda ilk dəfə Pələng ilində çıxış etmişik. Hər halda, avrokubokları nəzərə almasaq, 1998-ci il “Kəpəz” o vaxtkı baş məşqçisi Mehman Allahverdiyev üçün “qızıl dövr” olur. Komanda pələng ilində 50 illik yubileyini qeyd edəcək Allahverdiyevin rəhbərliyi altında “qızıl dubl” edir.

Pələng ili müstəqillik qazandıqdan sonra da “Neftçi”yə düşmür. “Ağ-qaralar” mövsümü 6-cı yerdə bitirməklə, milli çempionatlarımız tarixində ən zəif göstəricisinə imza atır. Son bir ildə “Neftçi”də çıxış edən rumın yarımmüdafiəçi Adrian Neaqanın Pələng ili bağlılığı var. Belə ki, ilk dəfə ölkəmizə məhz 1998-ci ildə gələn futbolçu Rumıniyanın “Arceş” klubunun heyətində “Dinamo” ilə görüşün iştirakçısı olub.

Pələng ili milli komandamızın baş məşqçisi Berti Foqtsun karyerasında da iz buraxıb. Bu, həm yaxşı, həm də pis tərəfdən olub. Alman mütəxəssis 1974-cü ildə futbolçu kimi dünya çempionluğunu qazanır. Foqts 1998-ci ildəki Pələng ilində isə artıq milli komandasının baş məşqçisi kimi dünya çempionatının final mərhələsində iştirak edir. Ancaq Fransada keçirilən mötəbər turnir Foqts üçün fiasko ilə nəticələnir. Almaniya yığmasının ¼ finalda Xorvatiya yığmasına böyük hesablı məğlubiyyəti (0:3) Foqtsun postundan qovulması ilə nəticələnir.
0