“Həkimlərə meydandakı qəfil ölümləri izah edəcəyik” - MÜSAHİBƏ
24.02.2010 - 16:06
“Həkimlərə meydandakı qəfil ölümləri izah edəcəyik” - MÜSAHİBƏ
UEFA-nın Tibb Komitəsinin üzvü Mehmet Binnət Bakıya gəlib. Apasport.az-ın məlumatına görə, əslən azərbaycanlı olan həkim paytaxtımızda UEFA-nın təşkil etdiyi tibbi seminara rəhbərlik edir. Binnət AFFA-nın rəsmi internet saytına müsahibəsində seminar və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

- Bakıda keçirilən UEFA-nın tibbi seminarının əsas məqsədi nələrdir?
- Bu seminar AFFA-nın təşkilatçılığı ilə UEFA-nın məlumat mübadiləsi çərçivəsində həyata keçirilir. Yəni UEFA bildiklərini digər federasiyalarla, klublarla bölüşür, onlarla birlikdə ortaq iş görür. UEFA bununla izah etmək istəyir ki, futbol hamı üçündür. Uzun illərdir UEFA-da çalışıram. Mənim soy-kökümün azərbaycanlı olduğunu bilirlər. Ona görə də AFFA-nın tibbi seminarı Azərbaycanda keçirilməsi təklifi ilə razılaşdılar və seminara mənim rəhbərlik etməyimi məqsədəuyğun hesab etdilər.

- Belə bir seminarın Azərbaycanda keçilməsini necə dəyərləndirirsiniz? Yəni bunun Azərbaycan üçün nə kimi xeyri olacaq?
- Bu, Azərbaycanda təşkil etdiyimiz 4-cü belə seminardır. Avropanın heç bir ölkəsində bu qədər seminar keçirilməyib. Bir ölkəyə ən çox bir, ya da iki dəfə getmişik. Amma Azərbaycanda 4-cü seminardır keçiririk. Bu addımı UEFA-nın Azərbaycana kömək etməsi kimi də dəyərləndirmək olar.

- Seminarda əsasən hansı məsələlər müzakirə olunacaq?
- Əvvəlcə seminarda iştirak edən həkimlərə futbol meydanlarında qəfil ölümləri izah edəcəyik. Belə halların qarşısını almaq üçün nələr edilməlidir, həkimlərin əsas vəzifələri nələrdir və s. Sonra zədələrin müasir üsullarla müalicəsi, reanimasiya, reabilitasiya, maqnit-rezonans tomoqrafiyası və s. məsələlərə toxunacağıq. Hesab edirəm ki, reabilitasiya Azərbaycan futbolu üçün böyük problemdir. Hər hansı bir futbolçunu əməliyyat etdikdən və ya zədələndikdən sonra bu cür problemlərlə qarşılaşıram. Ona görə də reabilitasiya məsələsinə geniş yer ayıracağıq.

- Meydanda qəfil ölümlərin əsas səbəbləri nələrdir?
- Futbolçuların həddindən artıq yüklənmələri nəticədə meydanda ani ölümlərə gətirib çıxarır. Futbolçuların ürəyində bir problem varsa, o zaman da bu cür hallarla rastlaşırıq. Bunun qarşısını almaq üçün yaxşı və düzgün müayinə lazımdır. Bir həkimin ən əsas vəzifələrindən biri futbolçunu dərindən müayinə etməkdir. Misal üçün, bir vaxtlar Türkiyədə “Ankaragücü” və “Qaziantepspor”da oynayan meksikalı Antonio De Nigris meydanda həyatını itirdi. Türkiyədə hər il futbolçuların ürəklərinin yoxlanılması qaydasını qoymuşam. O, Türkiyədə çıxış edərkən ürəyində problem olduğu ortaya çıxdı və oynamasına icazə vermədik. Amma çox təəssüf ki, həmin futbolçu Yunanıstanda həkimlərin nəzarətindən yayınıb oynadığına görə bu cür ölümlə rastlaşdı.

- Bir çox azərbaycanlı futbolçunu məhz siz əməliyyat etmisiniz. Bizim futbolçuların xronoloji xəstəlikləri əsasən nələrdir?
- Bəli, milli komandanın futbolçularının, demək olar ki, 70 faizini mən müalicə, əməliyyat etmişəm. Əvvəllər Azərbaycan futbolu elə də inkişaf etməmişdi. Qarşılaşdığımız zədələr əsasən zərbə nəticəsində yaranan yaralar olurdu. Azərbaycan futbolu inkişaf etdikcə, bu cür zədələrlə rastlaşmıram. İndi qarşılaşdığım problemlər əsasən müasir futbola aid zədələrdir. Əvvəlki kimi bir-birini zədələmə, qəsdən ağır xəsarət yetirmək kimi problemlər daha azdır. Azərbaycan futbolundakı hazırkı əsas zədələr süni meydanlarla bağlı ortaya çıxan problemlərdir.

- Yeri gəlmişkən, süni meydanda keçirilən oyunların futbolçulara nə kimi zərərləri var?
- Süni meydanda daimi oynayan futbolçularda məhz meydanla bağlı zədələr ortaya çıxır. Süni meydanın həm üstün, həm də mənfi tərəfləri var. Mənfi tərəfi ondan ibarətdir ki, futbolçuların oynaqlarında tez-tez zədələrə səbəb olur. Müsbət tərəfi isə bu cür meydanlarda oynayan futbolçularda əzələ zədələrinin daha az olmasıdır. Təbii ot örtüklü meydanda keçirilən oyunlarda tam əksi müşahidə olunur.

- Yeri gəlmişkən, Avro-2012-nin seçmə mərhələsinin püşkü atılıb. Qardaş Türkiyə ilə Azərbaycan millisi eyni qrupda yer alıb. Püşkün nəticəsini necə dəyərləndirirsiniz?
- Atası gəncəli, anası şamaxılı bir ailənin övladı olaraq nə deyə bilərəm? Türkiyə ilə Azərbaycanın eyni qrupda qərarlaşması məni sevindirdi. Ulu öndər Heydər Əliyevin gözəl bir sözü var: “Biz bir millət, iki dövlətik”.
0