Bışovetsdən Tuayevə məsləhət: Kitab oxumaq lazımdır - MÜSAHİBƏ
25.02.2010 - 16:54
Bışovetsdən Tuayevə məsləhət: Kitab oxumaq lazımdır - MÜSAHİBƏ
Rusiyanın milli komandasının sabiq baş məşqçisi, olimpiya çempionu Anatoli Bışovetsin apasport.az saytına müsahibəsi

- Uzun müddətdən sonra Azərbaycana gəlmisiniz. Bakıya növbəti səfəriniz keçmiş futbolçunuz İqor Ponomaryovun 50 illik yubiley tədbirində iştirakla bağlıdır. Təəssüratlarını bilmək maraqlıdır...
- Bütün azərbaycanlıları, Ponomaryov sevərləri salamlayıram. Ponomaryovun yubileyində iştirak etdiyimə görə çox sevincliyəm. Əslində məni Bakı ilə çox şey bağlayır. SSRİ-nin yeniyetmələrdən ibarət yığma komanda yoldaşlarımı xatırlamaq istəyirəm. Bu, Sergey Kramarenko ilə Anatoli Banişevski idi. Biz onlarla dost idik. Hərçənd Banişevski ilə ikimiz də mərkəz hücumçusu olduğumuzdan, heyətə düşmək üçün rəqabət aparırdıq. Ancaq o, rəqib gözü ilə baxmadığım yeganə futbolçu idi. Bakı mənim üçün çox xoşbəxt şəhərdir. Fuad Musayevin sayəsində SSRİ-nin yeniyetmələr yığması burada oyun keçirdi və sonda möhtəşəm qələbə qazanaraq, Avropanın vitse-çempionu oldu. Buna görə Musayevə çox minnətdaram. Seul Olimpiadasının qalibi olan zaman ilk seçmə oyunu paytaxtınızda keçirdik, mübarizəyə burada başladıq. İndi fikrə getdim ki, bəs üçüncü nə vaxt olacaq? Mən Bakıya gəlməklə missiyamı yerinə yetirirəm. Yəni həmin vaxt Seulda Olimpiya çempionu olan yığmanın futbolçularının hər birinin adından Ponomaryova çoxlu təbriklər çatdırıram. Ona və ailəsinə səmimi qəlbdən can sağlığı, xoşbəxtlik diləyirəm. Mən Ponomaryova, onu sevənlərə, təbrik etməyə gələnlərə böyük simpatiya ilə yanaşıram.

- Ponomaryovu yığmada bir yetirməniz kimi necə xatırlayırsınız? Onu necə xarakterizə edərdiniz?
- Onun SSRİ-nin Olimpiya yığmasına dəvət etməyim Bakı futbol məktəbində, “Neftçi”də yetişməyinin nəticəsi idi. Bu baxımdan Ələkbər Məmmədov, Yuri Kuznetsov, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov və başqalarını da yada salmaq kifayət edər. Əlbəttə, Ponomaryovun istedadı, futbolu dərin bilməsi yığmaya çox lazım idi. O, çox cəsarətli, texnikalı, inadkar futbolçu idi. Fikrimcə, Ponomaryov kimi futbolçuya indi də tələbat var. O, oyunçu keyfiyyətləri, universallığı, oyunu yaxşı oxuması digərlərindən fərqlənirdi. İqor “Neftçi”nin kapitanı idi, onda liderlik keyfiyyətləri var idi. Əlbəttə, onun yığmaya cəlb olunması xüsusilə orta sahədə oyunumuzu gücləndirdi. Komandanın oyunu daha gözlənilməz oldu, kəsərli oynamağa başladıq. Bu cəhətdən İqorun töhfəsi kifayət qədər böyükdür. Mənə elə gəlir ki, Ponomaryovda özünü baş məşqçi kimi göstərmək üçün də böyük potensial var. Çox böyük təcrübəyə malikdir.

- Ponomaryov Olimpiadanın elə ilk oyununda zədələndiyi üçün daha turnirdə meydana çıxmadı. Qalan görüşlərdə onun yoxluğu çoxmu hiss olundu?
- Ponomaryov zədələnəndən sonra oyun sxemimizi dəyişdirməli olduq. O, oynamasa belə, komanda daxilində yoldaşları ilə ünsiyyət qurmaqla kifayət qədər kömək edirdi. Elə biz məşqçilərə də onun çox köməyi dəyirdi. Ponomaryovun peşəkarlıq keyfiyyətləri yüksək idi. Komandanızda, yarımmüdafiənin mərkəzində onu əvəzləməyə real namizəd var idi. Həmin vaxt rəqabət çox yüksək, seçim də böyük idi. Biz indi bu baxımdan problem yaşayıq, mərkəz müdafiəçisi, hücumçusu kasaddır. Prinsipcə həmin vaxt komandamız komplektləşdirilmişdi, bütün mövqelər dolu idi.

- Ponomaryov “Neftçi”də İsgəndər Cavadov, Maşallah Əhmədovla birgə “qızıl üçlük” təşkil etdiyi zaman çempion ola bilmədiklərinə görə çox təəssüflənir. Təcrübəli mütəxəssis kimi bunu necə izah edərdiniz?
- Keçmişə, həmin illərə qayıtsaq, onu deməliyəm ki, futbolun, 1-ci yerdən uğrunda mübarizə aparan komandaların səviyyəsi yüksək idi. Rəqabət çox böyük idi. Cavadov, Əhmədov, Ponomaryov oynayan dövrdə oynayanda nəsil dəyişmə öz sözünü deməyə bilməzdi. Praktiki olaraq yeni komanda yaratmaq lazım idi. Yaxın dostlarım Banişevski, Kramarenko komandanın qələbə qazanmasına kömək edirdilər. Ancaq rəqabət yüksək olduğu üçün çempion olmaq çətin idi. Komanda birləşməli idi. Nəticə təkcə futbolçuların əməyi yox, birlik, məşqçinin fəlsəfəsi, ideyaları ilə də bağlıdır. Belə amillər də lazım idi.

- Keçmiş postsovet məkanında, Qafqaz respublikalarında yerli məşqçilər kənarda qalır, yığmaya xarici mütəxəssislərə etibar olunur...
- Deməzdim ki, bunda obyektiv tələbat var. Məsələ ondadır ki, xarici məşqçilər istər Rusiya, Azərbaycana, istərsə də başqa yerlərə gələndə işləmək üçün ideal şərait əldə edirlər. Bu baxımdan yerli çalışdırıcılarla əcnəbilər arasında böyük fərq var. İş rejimi arasında ziddiyyət təşkil edir. Futbolçu arasında yaxşı anlaşmanın, dialoqun olmamağı üzündən nəticə yoxdur.

- Deyilənə görə, xarici mütəxəssislər gəlməklə beynəlxalq metodika gətirirlər. Bu, həqiqətən də belədir?
- Beynəlxalq metodika nə deməkdir? Biz öz ənənələrimi bərpa etməliyik. Xarici mütəxəssislər bundan istifadə edirlər. Yerli məşqçilərə də belə yüksək şərait yaratmaq, futbolu inkişaf etdirmək haqda düşünmək lazımdır. Azərbaycan futboluna ənənələrini qaytarmağı arzulayıram. Bunu da insanlar yaradır.

- Milli komandanızda yeni baş məşqçinin kim olacağı ilə bağlı qızğın müzakirə gedir. Siz də yığmanı çalışdırmaq istədiyiniz bildirmisiniz. Qus Hiddinkdən sonra yerli məşqçilərə işləmək nə qədər asan olacaq?
- Onu deyə bilərəm ki. Rusiyanın yığması və olimpiya yığması ilə 70 oyun keçirmişəm. Lixtenşteyn, Andorra yox, dünya və Avropa çempionları ilə oynamışam. Mənim təcrübəm böyükdür.

- Tədbirdə Tuayevlə görüşüb söhbətləşdinizmi?
- Bəli.

- Deyəsən, barışmısınız. Bir ara mətbuatda bir-biriniz haqda xoşagəlməz sözlər deyirdiniz...
- Hər şey qaydasındadır. Münasibətlərimiz normaldır. Fikrimcə, olan problemləri müzakirə etmək üçün sadəcə, kitab oxumaq lazımdır. Bu zaman heç bir problem də olmazdı.