Türkiyə yığması Qus Hiddinki “icarə”yə verdi
11.03.2010 - 11:23
Türkiyə yığması Qus Hiddinki “icarə”yə verdi
Türkiyə milli komandasının yeni baş məşqçisi Qus Hiddinkin Kot D’İvuarla bağlı macərası sona çatır. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis DÇ-2010-nun final mərhələsində iştirak edəcək Afrika yığmasını iki ay çalışdırmaqla bağlı məsələni bu ölkənin Futbol Federasiyası ilə, nəhayət, razılaşdırıb.

Bu haqda Hollandiyanın dövlət teleradio şirkəti məlumat verib. Əməkdaşlığa mayın 15-də başlamalı olan Hiddink Kot D’İvuar yığmasına CAR-da mötəbər turnirdə rəhbərlik edəcək və iyulun 15-də onlarla yollarını ayıracaq. Düzdür, təcrübəli çalışdırıcı afrikalılarla müqavilə bağlayana kimi Rusiya Futbol İttifaqı ilə əməkdaşlığa son qoyması ilə bağlı sübut göstərməlidir. Hiddinkin müşaviri Kis van Nyuvenxeyzen Rusiya tərəfi ilə danışıqlara qədər bunu mümkünsüz sayır.

Hiddinkin Kot D’İvuarla bağlı məsələsinin xeyli vaxtdır uzanması maddi problemlərlə bağlı göstərilirdi. Deyilənə görə, o, şimali afrikalılardan aylıq 152 min avro məvacib istəmişdi. Digər mənbə isə Hiddinkin maddi şərtinin 4 aya 730 min avro olduğunu bildirirdi. Ancaq göründüyü kimi, söhbət iki aylıq işbirliyindən gedir. Belə olan halda, türklər kənarda qaldıqları DÇ-2010-da yeni baş məşqçilərinə görə Kot D’İvuar yığmasına azarkeşlik edəcək. “Çelsi” klubunda çıxış edən məşhur hücumçu Didye Droqbanın kapitanı olduğu yığmanı qrupda Braziliya, Portuqaliya kimi güclü rəqiblərlə çətin sınaq gözləyir.

Qeyd edək ki, Hiddink Türkiyə Futbol Federasiyası ilə razılaşmaya əsasən “ay-ulduzlular”da fəaliyyətinə bu ilin avqustun 1-dən başlayacaq. Türkiyə yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də milli komandamızın qonağı olacaq.
0