AFFA Braziliya, İtaliya, Çexiya, Rusiya və Argentinaya qarşı
11.03.2010 - 11:28
AFFA Braziliya, İtaliya, Çexiya, Rusiya və Argentinaya qarşı
Martın 18-19-da FİFA-nın İcraiyyə Komitəsinin növbəti yığıncağı keçiriləcək. Apasport.az saytının məlumatına görə, iclasda AFFA-nın müraciətlərinə də baxılacaq. Belə ki, artıq yığıncağın gündəliyi açıqlanıb.

FİFA-nın 2009-cu il üçün maliyyə hesabatını dinləyəcək komitə üzvləri iyunun 9-10-da CAR-da baş tutacaq 60-cı konqres və ona hazırlıqla bağlı məsələləri də müzakirə edəcək. Bundan başqa, FİFA rəsmiləri 2011-2013-cü illərdə keçiriləcək 5 yarışla bağlı qərarını verəcək. 17 və 20 yaşadək qızlardan ibarət yığmalar arasında 2012-ci ildə keçiriləcək, çimərlik futbolu üzrə 2011 və 2013-cü illərdə baş tutacaq dünya çempionatlarının final mərhələlərinin, həmçinin 2012-ci ildəki futzal üzrə mundialın təşkilatçıları seçiləcək. Bu yarışları qəbul etməyə 22 namizəd ölkə iddia edir: Azərbaycan, Argentina, Braziliya, Çili, Çin, Kosta-Rika, BƏƏ, Filippin, Qvatemala, İndoneziya, İran, İtaliya, Liviya, Oman, Hollandiya, Polşa, Çexiya, Rusiya, İsveçrə, Taiti, Tailand və Vyetnam.

AFFA adıçəkilən 5 turnirdən 4-ü ilə bağlı FİFA-ya müraciət edib. Futbol qurumumuz qızların iki yarışından hər hansı birinin təşkilatçılığı üçün, həmçinin çimərlik futbolu birinciliklərindən birinin ölkəmizdə keçirilməsini istəyir. Yəni maksimum iki mundial qəbul etməsi mümkün olan AFFA 21 ölkə ilə rəqabətdə ən azı 1 yarışı qazanmaq arzusundadır.
0