“Xəzər-Lənkəran”ın hücumçusu dünya çempionatına aparılır
11.03.2010 - 12:11
“Xəzər-Lənkəran”ın hücumçusu dünya çempionatına aparılır
“Xəzər-Lənkəran” klubunun futbolçusu Allan Lalinin dünya çempionatının final mərhələsində iştirakı üçün şans yaranıb. Apasport.az saytının məlumatına görə, Honduras yığmasının baş məşqçisi Reynaldo Ruedanın komandada islahatlar aparmaq istəyi 29 yaşlı hücumçunun CAR-a yolunu aça bilər.

Mundiala aparılacaq 23 futbolçu ilə bağlı fikirlərini açıqlayan mütəxəssisin sözlərinə görə, hazırda sərəncamında olan oyunçuların bəzilərindən narazıdır onları başqaları ilə əvəzləmək haqda düşünür. Bu səbəbdən neçə vaxtdır yığmaya çağırılmayan Lalin yenidən milliyə qayıtmaq şansı qazanıb: “Xarici ölkələrin klublarında çıxış edən futbolçular Türkiyə ilə matçda zəif oynadılar. Bu məndə narahatçılıq oyadır. Onlar isə dünya çempionatına getmək istəyirsə, daha yaxşı mübarizə aparmalıdırlar. Hazırda yığmamızda elə oyunçular var ki, özlərini CAR-da hiss edirlər. Düşünürlər ki, oraya bilet artıq ciblərindədir. Belə, göylə gedən futbolçuları sevmirəm. Bu fikirlərimi qulaqardına vuranların heç biri mundiala getməyəcək”.

Qeyd edək ki, 2006-cı ildən Honduras yığmasına cəlb olunan Allan sonuncu dəfə ötən ilin iyulunda milli komandada forma geyinib. O, “Xəzər-Lənkəran”a transferindən əvvələ təsadüf edən “Gold Cup”un iştirakçısı olub. Honduraslılar həmin KONKAKAF çempionatının bürünc mükafatını qazanıblar.
0