“Söylədiyim ifadələr yalan sayılsa belə, mən üzr istəməyəcəm” - MÜSAHİBƏ
11.03.2010 - 12:39
“Söylədiyim ifadələr yalan sayılsa belə, mən üzr istəməyəcəm” - MÜSAHİBƏ
AFFA-nın hakimlikdən kənarlaşdırdığı Babək Quliyevin apasport.az saytına müsahibəsi

- AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun iddiası ilə Yasamal Rayon Məhkəməsi haqqınızda qərar çıxarıb. Buna əsasən Məmmədovun şərəf və ləyaqətini təhqir etdiyiniz üçün 800 manat cərimələnmisiniz. Bununla yanaşı, komitə sədrindən ölkə mətbuatından rəsmən üzr istəməlisiniz. Qərara münasibətinizi öyrənmək istərdik...
- Təbii ki, qərardan xəbərim var. Məhkəməyə gedib-gəlirdim. Hakim hökmü oxuyanda məhkəmə zalında idim. Xaqani haqda dediklərim irad tutuldu. Mənə bildirdilər ki, mətbuatda təkzib verməlisən. Yəni, söylədiyim ifadələr yalandır, amma üzr istəməyəcəm.

- Təkzib verəcəksiniz?
- Xeyr, öz fikrimdə qalıram. Apelyasiya şikayəti etmək hüququm var və bundan istifadə edəcəyəm.

- Apelyasiya şikayətini nə vaxt edəcəksiniz?
- Bu gün, yaxud da sabah. Xaqani Məmmədov məndən 50 min manat təzminat istəmişdi. Onun vəkili bu məbləğin üzərində dayanmışdı. Ancaq orada 50 minlik bir şey yoxdur. Bunu nəzərə alan məhkəmə məni 800 manat cərimələyib.

- Bu iki məbləğ arasında fərq çox böyükdür. Sizcə, təzminat niyə bu qədər aşağı olub?
- (gülür) Xaqani Məmmədovun iddiaları tam yox, qismən təmin edilib. Hakim bunu dedi və nəticədə cərimənin məbləği 800 manat təyin olunub. Sizə söhbətin, faktların nədən ibarət olduğunu deyim. Xaqani Məmmədovla bağlı dediklərim mənimlə onun arasında olan söhbətlərdir. Burda 3-cü bir şəxs olmadığı üçün sübut etməyim çətindir. Mən bilirəm ki, dediklərim faktdır, Xaqani Məmmədov bunları mənə deyib. O, məni məhkəməyə verdi ki, məni qorxutsun. Fakt isə faktlığında qalır, mən də öz fikrimdə. Faktlar da ötən il mətbuat konfransında dediklərim üç şeydir. Bunlar “Bakı” – “Qarabağ”, “Neftçi” – “Xəzər-Lənkəran” oyunu ilə bağlı və bir də Xaqani Məmmədova pul verməyimdir. Məhkəmədir, qərar çıxarıb. Baxaq görək, Apelyasiya Məhkəməsi nə qərar çıxaracaq.

- Ümumiyyətlə, məhkəmədən nə qərar gözləyirdiniz?
- Belə qərar gözləyirdim. Çünki fakt elə bir şeydir ki, gərək kimsə onu təsdiq etsin. Xaqani söyləyir ki, həmin sözü ona dediyimi fakt kimi göstərsin. Yəni bu söhbət iki nəfərin arasında olubsa, necə fakt göstərmək, bunu necə sübut etmək olar?

- Məmmədovla məhkəmədə görüşmüsünüz?
- Yox. Məhkəməyə onun vəkili gəlirdi.

- Bir ildir hakimlikdən kənarda qaldığınızı nəzərə alsaq, 800 manatlıq cərimə maddi durumunuza təsir edirmi?
- Heç bir təsiri yoxdur. Amma təsir edən odur ki, məni UEFA-nın “istedadlı hakimlər” qrupundan çıxardılar. Belə olan halda, 800 manatın nə təsiri ola bilər ki? Pulu verərəm, bir az xərcləyər özü üçün, problem yoxdur.

- Təkzib, cərimə ilə bağlı konkret vaxt göstərilibmi?
- Məhkəmə qərar çıxarandan sonra bunu icraçılara verir. Onlar da iş-gücümlə maraqlanırlar. Mənim heç nəyim yoxdur, işləmirəm, bir şey etmirəm. Hələ Apelyasiya Məhkəməsini gözləyəcək. Mən məhkəmənin haqqımda çıxardığı qərardan şikayət edəcəyəm. Bilmək olmaz, Apelyasiya Məhkəməsi hansı qərar qəbul edəcək.

- AFFA-nın prezidenti Rövnəq Abdullayev son konfransa bildirdi ki, səhvini başa düşən hakimliyə qaytarılacaq. Siz də cəzalanan Anar Niyazov kimi rəsmi müraciət edib, səhvinizi boynuna alıb, üz istəyib, hakimliyə qayıdacağına ümid edirsiniz, yoxsa?
- Səhv nədən ibarətdir ki? Klubla işbirliyinə getməyimlə bağlı mənə deyilən səhvi başa düşmürəm. Səhvim telefon zənginə cavab vermək olubsa, buna görə çağırıb qulaqburması vermək olardı. Yoxsa, Azərbaycan futbolunda tarix yazmış hakimi belə cəzalandırmağı düzgün saymıram.
0