Honduras yığması: Azərbaycan üçün “üçüncü”
11.03.2010 - 13:26
Honduras yığması: Azərbaycan üçün “üçüncü”
Azərbaycan futbol yığması tarixində üçüncü dəfə rəqibini böyük turnirə yola salacaq. Apasport.az saytının məlumatına görə, dünya çempionatının bu ilin yayında CAR-da keçiriləcək final mərhələsi ərəfəsində son yoxlama oyununda yığmamızı sınağa çəkəcək Honduras millisi İspaniya və Latviyanın yolu ilə gedib. Bu iki Avropa təmsilçisi də məsul yarış öncəsi son sınağını komandamızla keçirmişdi.

2004-cü ildə Avropa çempionatının final mərhələsində debüt edən latviyalılar Karlos Alberto Torresin çalışdırdığı millimizi son rəqib kimi seçmişdilər. Yığmamızla Portuqaliyaya səfər ərəfəsində olan Latviya millisi iyunun 6-da Riqada üz-üzə gəldilər. 2:2 hesabı ilə bitən görüşdən sonra Avro-2004-ə yollanan rəqibimiz orada uğursuzluğa düçar oldu. Əslində, debütantın qrupda çıxması da gözlənilmirdi. Komandamızla matçdan 9 gün sonra Çexiyaya 1:2 hesabı ilə uduzan latviyalılar iyunun 19-da Almaniya ilə “sülh” bağladı – 0:0. Yalnız hollandlar rəqibimizi “kötəkləməyi” bacardılar – 3:0.

Ötən il Konfederasiyalar Kubokuna yollanan İspaniya yığması yolunu Bakıdan salmışdı. Avro-2008-in qalibləri CAR-a getməzdən əvvəl azərbaycanlı azarkeşlərə şou göstərmək arzusunu Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşdirdi – 6:0. İyunun 9-da qeydə alınan bu qələbədən sonra pireneylilər də uğursuzluğa düçar oldu. Onlar favoriti olduqları turnirdə yalnız üçüncü yerlə kifayətləndilər. İyunun 14-də Yeni Zelandiya (5:0), 3 gün sonra İraqa (1:0) gücünü göstərən Visente del Boskenin yetirmələri yarımfinalda ABŞ-la bacarmadı. İyunun 24-də 0:2 hesabına üzülən ispaniyalılar 4 gün sonra üçüncü yer uğrunda matçın əlavə vaxtında meydan sahiblərini məğlub etdi – 3:2.

Yığmamızın yola salacağı üçüncü komanda olacaq Honduras futbolçuları qrup mərhələsində İspaniya, Çili və İsveçrə ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan – Honduras matçı iyunun 5-də Avstriyada keçiriləcək.
0