Rəşad Sadıqov: Klubları milli komandaya qurban vermək olar
14.04.2010 - 12:04
Rəşad Sadıqov: Klubları milli komandaya qurban vermək olar
“Qarşıda bizi ağır seçmə mərhələ oyunları gözləyir. Ondan əvvəl çox vacib 3 yoldaşlıq görüşü keçirəcəyik. Özümüzü yoxlamaq üçün bu qarşılaşmalar çox vacibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Azərbaycan milli komandasının 28 yaşlı kapitanı Bakıda təşkil olunan 3 günlük təlim-məşq toplanışının zəruri olduğunu düşünür: “Fikrimcə, klubları yığmaya qurban vermək olar. 3-4 günlük təlim-məşq toplanışı klublara elə də ciddi təsir etməz. Ola bilər ki, bu bir balaca qarşıdakı oyuna təsir etsin, amma çalışacağıq ki, az təsiri olsun. İndi fiziki cəhətdən özümüzü bir az yaxşılaşdırmalıyıq. Ona görə bu toplanışa ehtiyacımız var”.

Sadıqov əvvəlki toplanışlarla müqayisədə dəyişikliyin olmadığını bildirib: “Ciddi bir dəyişiklik yoxdur. Əvvəllər olurdu ki, 3-4 gün ya taktikaya ya da, texnikaya ayırırdı. Amma bu toplanışda əsasən fiziki hazırlığa üstünlük verilir. Lüksemburqla oyun göstərdi ki, fiziki hazırlığımız istənilən səviyyədə deyil. Bu daha çox Foqtsu narahat edir”.

Qeyd edək ki, Sadıqov hazırda yığmaya çağırılan oyunçular arasında hamıdan çox milli komandanın formasını geyib. O, 58 matçda 3 qol vurub.