Anatoli Demyanenko: Azərbaycan həmişə futbol diyarı olub
14.04.2010 - 12:27
Anatoli Demyanenko: Azərbaycan həmişə futbol diyarı olub
“Azərbaycan mənim üçün yad ölkə deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.

51 yaşlı ukraynalı mütəxəssis gələn ay ölkəmizə gələcək. O, veteran futbolçumuz Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar mayın 14-də keçiriləcək Azərbaycan və SSRİ yığmalarının yoldaşlıq görüşündə iştirak edəcək. Bakıya səfəri öncəsi fikirlərini bildirən Demyanenkonun sözlərinə görə, yenidən Azərbaycanda olacağından məmnundur: “Bakının “Neftçi” klubunun baş məşqçi işləməyimdən elə də uzun müddət ötməyib. Təəssüf ki, fikirləşdiyimi sona kimi həyata keçirmək mümkün olmadı. İstənilən halda, Xəzər dənizi sahilinə məmnuniyyətlə gedəcəyəm, köhnə dostlarımla görüşəcək, gəncliyimizi xatırlayacağıq. Üstəlik, Azərbaycan həmişə futbol diyarı olub. Banişevski, Cavadov, Əhmədov, Ponomaryovun soyadını çəkmək kifayətdir”.

Qeyd edək ki, Demyanenko “Neftçi”ni 2008-ci ilin yanvarından sentyabrına kimi çalışdırıb.