Lionel Messi gələcək komandasının adını açıqladı
14.04.2010 - 14:00
Lionel Messi gələcək komandasının adını açıqladı
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Lionel Messi gələcəkdə də oynayacağı klubun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı argentinalı hücumçu karyerasının sonuna kimi İspaniyanın “Barselona” klubunda oynayacağını bildirib. Özünü başqa komandada görmədiyini deyən Messi bununla da İngiltərə Premyer Liqasında oynamaq variantını təkzib edib: “Bütün karyeramı “Barselona”da keçirmək istəyirəm. Oyunum rəhbərliyi qane etməyənə kimi, komandada çıxış edəcəyəm. Kataloniya klubu nəinki mənə özümü göstərmək şansı verdi, həm də həyatımı dəyişdi. İndi mən onun qarşısında borcluyam”.

Messinin növbəti hədəfi bu yay dünya çempionu olmaqdır: “Mənə elə gəlir ki, Cənubi Afrika Respublikasında 5-6 yığma komanda dünyanın ən güclüsü tituluna namizəd ola bilər. Favoritlərdən biri yüksək səviyyəli futbolçuları olan İspaniya yığmasıdır. Avropa çempionu olan bu yığmanın dünya çempionatında yaxşı çıxış edəcəyinə əminəm. Çox ümid edirəm ki, Argentina də qızıl medallara iddiaçıları arasına düşə və kubok uğrunda mübarizə apara biləcək. Ancaq bəxtin gətirməsini də unutmaq olmaz. Onsuz heç bir turnirdə qələbə qazanmaq olmaz”.

Qeyd edək ki, 13 yaşından “Barselona”nın heyətində yer alıb.