Ponomaryov: Azərbaycan yığması Türkiyəyə qalib gələcək
14.04.2010 - 14:38
Ponomaryov: Azərbaycan yığması Türkiyəyə qalib gələcək
“Türkiyəyə qarşı öncədən sevgim var idi. Ancaq “Orduspor” və Ordu şəhərinin sayəsində Türkiyəni daha çox sevdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryov deyib.

Qış fasiləsində “Orduspor” klubuna keçən 28 yaşlı hücumçu Türkiyənin birinci liqasında çıxış edir. Ponomaryov bu 3 ayda çıxış etdiyi ölkəni, şəhəri, komandanı, oyundaşlarını çox sevdiyini bildirib. Türkiyədə “Anadolu” ləqəbi ilə çıxış edən Anatoli babasının adını daşığını türklərin diqqətinə çatdırıb: “Atam İqor Ponomaryov vaxtilə SSRİ yığmasında oynayıb, sonradan isə Azərbaycan milli komandasının baş məşqçisi olub. Mən də Azərbaycan yığmasında 16 oyunda forma geyindim. Avropa çempionatında Türkiyə yığması ilə bir qrupa düşdük. Əlbəttə, milli formanı yenə daşımaq istəyirəm. Atamın baş məşqçiliyi dövründə 2000 və 2001-ci illərdə Türkiyə yığması ilə iki oyun keçirdik. Türklər Bakıdakı oyunu 1:0, İstanbuldakı görüşü 3:0 hesabı ilə qazandı. İki qardaş ölkənin görüşü dostcasına keçəcək. Amma inşallah, bu dəfə biz qazanarıq”.

Türkiyə mətbuatına müsahibəsində Anatoli Azərbaycanla yanaşı, yaşadığı İsveçin vətəndaşlığını və indiyə kimi 9 klub dəyişdiyini də xatırladıb: “Futbolçunun oğlu olmaq mənim üçün yaxşı oldu. Atamın futbolçu olduğu, baş məşqçiliyi dövründə paltardəyişmə otağını görərək, yaşadım və böyüdüm. Bu gün qədər 9 komanda dəyişdirdim. Futbolçunun həyatı bu şəkildə sürür. Açığı, şansımı yoxladım. Hər kəsin özünə görə bir yolu var. “Orduspor”da çıxışımın uğurlu olacağına inanıram. Komandamın da uğurlu çıxışı ilə istənilən nöqtəyə çatacağına inamım var. Vaxt keçdikcə bura daha çox uyğunlaşaraq, qollar vuracağam”.