Azərbaycan çempionu heyətini açıqladı
14.04.2010 - 14:41
Azərbaycan çempionu heyətini açıqladı
“Araz” klubunun UEFA kubokunun “Dördlər finalı”nda çıxış edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi məsul turnirinin keçiriləcəyi Portuqaliyaya 12 futzalçı ilə yollanacaq.

Bunlar qapıçılar Andrey Tveryakin, Marat Salyanski, sahə oyunçuları Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, Vitali Borisov, Felipe Ribeiro dos Santos, Maşado dos Santos, Tiaqo Rodriqes, Luis Serjio Lukas, Roman Sultanov, Konstantin Duşkeviç və Aleksey Petrovdur.

Əsasən yığmamızın üzvlərindən təşkil olunan “Araz” “Dördlər finalı” öncəsi yeni legionerlər də transfer edib. Bunlar arasında bizlərə ən tanış vaxtilə “Turan AİR” klubunun heyətində Azərbaycan çempionu olan rusiyalı Konstantin Duşkeviçdir.

Qeyd edək ki, “Araz” yarımfinalda UEFA kubokunun hazırkı sahibi olan İspaniyanın “İntervyu” komandası ilə görüşəcək. Oyun aprelin 23-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bundan iki saat yarım sonra isə digər yarımfinal oyununda Portuqaliyanın “Benfika” və İtaliyanın “Luparense” komandaları üzləşəcək. 3-cü yer uğrunda oyun aprelin 25-də Bakı vaxtı ilə saat 19:00-da, final görüşü isə həmin gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Bütün oyunlar Lissabondakı “Pavilyau du Atlantiku” kompleksində keçiriləcək.

Mənbə: affa.az