Bülənt Korkmaz Azərbaycanın qatıldığı turnirin mükafatçısı oldu
14.04.2010 - 15:50
Bülənt Korkmaz Azərbaycanın qatıldığı turnirin mükafatçısı oldu
“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz Türkiyədə mükafat alıb. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis Hakan Şükür, Bülənt Uyğun, Ərtoğrul Sağlam, Hasan Şaş, Hami Mandıralı, Oğun Təmizkanoğlu və başqaları ilə birgə “Qürur mükafatı”na sahib çıxıb. Fatih Universiteti tərəfindən təşkil olunan “Fatih World Cup-2” turnirinin açılışına qatılan Türkiyə futbolunun əfsanələri diqqətdən kənarda qalmayıblar.

“Qalatasaray”ın kapitanı kimi UEFA kuboku və Superkubokunu, yığma ilə dünya çempionatının bürünc medalını qazanan Korkmaz həmin ali təhsil ocağında oxuyanları və çalışanları təbrik edib, uğurlar arzulayıb: “Doğrudan da Fatih Universitetinin nə qədər fərqli olduğunu burada göstərdiniz. Çünki mən həqiqətən də bu qədər önəmli universitet olduğunu bilmirdim”.

Qeyd edək ki, turnirdə 74 ölkədən 16 komanda çıxış edir. Bu ayın 30-da yekunlaşacaq yarışda Azərbaycan da təmsil olunub.