“Yanımdakı qadın evimdə təmizlik işləri aparır”
15.04.2010 - 12:04
“Yanımdakı qadın evimdə təmizlik işləri aparır”
Son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn Jo Alves “Qalatasaray” tərəfdarlarından üzr istəyib. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu “Diyarbəkirspor”la son oyunda ona qarşı etirazlar edilməsindən narahat olub.

“Səhv bir şey etmişəmsə, üzr istəyərəm, amma tərəfdarlarımız qəzetlərdə çıxan bütün xəbərlərə də inanmasınlar. Təəssüf edirəm, amma bu etirazları qınamıram. Tərəfdar həmişə haqlıdır. Onlar bizdən müvəffəqiyyət gözləyirlər. Azarkeşlər haqqımda çıxan bəzi xəbərlərin doğru olub-olmadığını bilmirlər. Hamısı yazılanlara inanıblar. Qeyd edim ki, mən və digər yoldaşlarım onları xoşbəxt etmək üçün əlimizdən gələni edirik. Səhvim varsa, bundan peşmanım və bir daha üzr istəyirəm” – deyə Jo bildirib.

Futbolçu gecə klubunda yanındakı 2 nəfərin ona ingilis dilində kömək etdiyini və həmin insanlarla həmişə birgə olduqlarını söyləyib: “İki dostum bank işlərində, şəxsi həyatımdakı bəzi işlərimdə həmişə mənə köməkçi olurlar. Yanımda olan qadın isə evimdə təmizlik işləri aparır. Rusiya və İngiltərədə oynayarkən də bu insanlar mənimlə olublar. Tək qalmaqdansa, yoldaşlarımla yaşamağı, onlarla danışmağı və dərdləşməyi sevirəm. Ona görə birlikdə yaşayırıq. Amma şəxsi həyatımda şişirdiləcək bir şey yoxdur. Normal yaşayan bir insanam”.