Biro Jade: Bizdən sürpriz gözləyin!
15.04.2010 - 13:10
Biro Jade: Bizdən sürpriz gözləyin!
“Qarşıda bizi məsul turnir gözləyir. “Dördlər finalı”ndakı rəqiblər bir-birindən güclüdür”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın "Araz" klubunun braziliyalı futzalçısı Biro Jade deyib.

Komandamızın “Dördlər finalı”ndakı ilk rəqibi kubokun hazırkı sahibi İspaniyanın “İntervyu” klubudur. 37 yaşlı braziliyalı rəqibi cütün favoriti hesab edir: “Əlbəttə, rəqib çox güclüdür. Onlar titullarını qorumağa çalışacaqlar. “İntervyu”nun heyətində Braziliya və İspaniya yığmasının üzvləri var. Rəqibi dəyişmək imkanına malik deyilik. Onlara qarşı mübarizə aparmaqdan başqa yolumuz yoxdur”.

Jade “İntervyu”nu məğlub etməyin yolunu da göstərib: “Araz”da çıxış edənlərin çoxu milli komandaya çağırılır. Uzun müddət bir yerdə olduğumuza görə, oyun üslublarımıza bələdik. Bizim öz stilimiz var. Əgər, bunu tətbiq edə bilsək, turnirdə heç bir komandadan zəif deyilik. Bizdən sürpriz gözləyin. Fikrimcə, bunu bacaracağıq”.

Qeyd edək ki, "Dördlər finalı"nın oyunların aprelin 23-26-da Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.