Yunis Hüseynov: Təəssüf ki, qələbə qazana bilmədik
17.04.2010 - 18:09
Yunis Hüseynov: Təəssüf ki, qələbə qazana bilmədik
“Bildiyiniz kimi, komandamız artıq yüksək yerlər uğrunda mübarizə aparmır. Bugünkü oyunda yeni oyunçulara özlərini göstərmək şansı verdim”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Unibank Premyer Liqasının XXVIII turunda Yevlaxda “Karvan”la görüşdən sonra keçirilən mətbuat konfransında Zaqatala təmsilçisinin ukraynalı çalışdırıcısı bildirib ki, komandası qələbə də qazana bilərmiş: “Amma bir çox qol imkanlarımız olsa da, onlardan faydalana bilmədik. Rəqibi isə gözəl oyuna görə təbrik edirəm”.

Pokoranın “Karvan” klubundakı həmkarı Yunis Hüseynov da yaranan şanslardan istifadə edə bilmədiklərini söyləyib: “Oyunboyu əldə etdiyimiz qol imkanlarından istifadə edə bilmədik. Qalib gələrək, azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, istəyimizə çata bilmədik”.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.