“Bəziləri yığmamızda legionerlərin oynamasını qəbul edə bilmirlər”
17.04.2010 - 23:10
“Bəziləri yığmamızda legionerlərin oynamasını qəbul edə bilmirlər”
“Hazırda bizneslə məşğulam”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının sabiq baş Fazil Qarayev verib.

Kommersiya ilə məşğul olduğunu bildirən Qarayevin sözlərinə görə, futzalla da maraqlanır: “Yığmanın bütün oyunlarını izləməyə çalışıram. Məsələn, Avropa çempionatının həlledici mərhələsində komanda yaxşı təsir bağışladı. Onların bütün oyunlarına baxdım. Gözəl oyun nümayiş etdirdilər. Lakin son matçda – üçüncü yer uğrunda Çexiya ilə qarşılaşmadan razı qalmadım. Buna baxmayaraq, mənim dostum Zaur Axundov döyüşkən kollektiv yaradıb. Düzdür, bəziləri yığmada legionerlərin oynamasını qəbul edə bilmirlər. Mən də baş məşqçi olanda heyətdə 2 legioner oynayırdı. Buna pis baxmıram. Ölkəmizdə idmana diqqət artıb. Fikrimcə, bir neçə ildən sonra daha yaxşı olacaq”.

Sabiq baş məşqçi milli komanda ilə yanaşı, “Araz”ın da uğurlu çıxış etdiyini vurğulayıb. Onun fikrincə, yığma ilə müqayisədə klubumuzun “Dördlər finalı”nda iştirakı daha yaxşı alınacaq: “Milli komanda ilə müqayisədə klublar daha inamlı çıxış edirlər. Çünki klubda futbolçular daha mehriban olur və hər gün bir yerdə məşq edirlər. Bizdə isə “Araz”ın yığmanın əsasını təşkil etməsi gözəl haldır. Yarımfinalda güclü komanda ilə düşsək də, futzalçılarımızın Avropada tarix yazacağı qənaətindəyəm. Əgər lazım olarsa, sabiq baş məşqçi kimi komandaya öz köməkliyimi göstərə bilərəm”.

Azarkeşlərin oyunlara az gəlməsindən şikayətlənən Qarayev onları idmançılarımıza dəstək olmağa çağırıb. O, həmçinin millidən təklif gələrsə, fikirləşməyə hazır olduğunu bildirib: “Yenidən yığmaya baş məşqçi kimi dəvət etsələr, Azərbaycan vətəndaşı olduğum və bu ölkəni sevdiyim üçün fikirləşməyə dəyər. Amma mənim bu sözlərimdən başqa nəticə çıxarmasınlar”.