Vaqif Qasımov: “Xəzər-Lənkəran”la şanslarımız bərabərdir
18.04.2010 - 23:05
Vaqif Qasımov: “Xəzər-Lənkəran”la şanslarımız bərabərdir
“Komandamızın bu mövsümkü çıxışı məni qane etmədi. Səbəbinə gəlincə, birincisi yorğunluqdur, ikincisi isə mövsümün əvvəlində transfer siyasəti düzgün aparılmamasıdır. Ancaq yavaş-yavaş düzəlir. Ölkə kubokunda yolumuza davam edirik. Əsas məqsədimiz finala qədər irəliləməkdir, ayrı söhbət ola bilməz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.

Əsas diqqəti ölkə kubokuna yönəltdiklərini deyən “təyyarəçilər”in prezidenti finala çıxmaq şanslarını dəyərləndirib: “Hazırda “Xəzər-Lənkəran” çempionatın lideridir. Deyə bilmərəm ki, yüz faiz “Xəzər-Lənkəran”ı keçəcəyik. Alınar alınar, alınmaz da gələn mövsümə hazırlaşacağıq. Məncə, finala çıxmaq şansımız 50-in 50-yədir”.

Qasımov kubokda mübarizəni dayandıracaqları halda bunu normal qarşılayacaqlarını sözlərinə əlavə edib. Həmçinin gələcək mövsüm iddialı komanda yaradacaqlarını deyib: “Futbolda hər şey olur. Əgər finala vəsiqə qazana bilməsək növbəti mövsümün hazırlığına başlayacağıq. Gələcək mövsüm əsas məqsədimiz ilk 3 yer uğrunda mübarizə aparmaq olacaq. Əgər məqsədimiz olmasa oynamağın mənası yoxdur”.