Azərbaycanlı qapıçı Türkiyədə yenə cəzalandı
19.04.2010 - 09:15
Azərbaycanlı qapıçı Türkiyədə yenə cəzalandı
Türkiyə çempionatının I dəstəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XXXI turun iştirakçıları arasında Azərbaycan yığmasının sabiq futbolçuları da olub.

Vaxtilə aşağı yaş qruplarından ibarət milli komandalarımızın şərəfini qorumuş Vitali Kovalyovun çıxış etdiyi “Kartalspor” öz meydanında “Boluspor”la qarşılaşıb. 33 yaşlı qapıçının 90 dəqiqə meydanda olduğu görüşdə komandası qalib gəlib – 2:1. Vitali yalnız 81-ci dəqiqədə, hesab 2:0 olarkən qapısında qol görüb. Görüşdə hesabı Sumqayıtın “Gənclərbirliyi” klubunun sabiq müdafiəçisi Mehmet Kahraman açıb.

Türkiyə mətbuatının qiymətləndirməsinə əsasən, 3 ulduz alan Vitali komandasının ən yaxşılarından olub. Lakin Kovalyov 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanaraq, keçirdiyi 4 matçda aldığı xəbərdarlıqların sayını 2-yə çatdırıb.

Digər təmsilçimiz Anatoli Ponomaryovun çıxış etdiyi “Orduspor” isə öz meydanında “Hacettepe” ilə bacarmayıb. Qolsuz bitən matçda həmyerlimiz cəmi 8 dəqiqə oynayıb.

XXXI turdan sonra hesabında 41 xal olan “Kartalspor” turnir cədvəlinin 9-cu pilləsinə qalxıb. Ordu təmsilçisi onlardan bir xal geri qalmaqla, 10-cu sırada yer alıb.